Maraqlı Özəl

Soyuducudan gələn pis qoxunun əsl səbəbi tapıldı

Soyuducudan gələn pis qoxunun əsl səbəbi tapıldı

Soyuducu qidaları uzun müddət təzə saxlayan təhlükəsiz məkan hesab olunsa da, bəzi məhsulların orada normadan artıq qalması sağlamlıq üçün ciddi təhlükə yaradır. Ev təsərrüfatı və qida təhlükəsizliyi üzrə mütəxəssislər xəbərdarlıq edir ki, soyuducunun müntəzəm təmizlənməməsi həm qida zəhərlənməsinə yol açır, həm də xoşagəlməz qoxunun yaranmasına səbəb olur. İlk növbədə istifadə müddəti bitmiş souslar, qapağı açıldıqdan sonra uzun müddət qalan ədviyyatlar və istehlak edilməyən hazır yeməklər soyuducudan kənarlaşdırılmalıdır.

Soyuducuda ən çox unudulan məhsullar ketçup, xardal, mayonez və salat souslarıdır. Həmin məhsullar qablaşdırma açıldıqdan sonra istehsalçının tövsiyə etdiyi müddətdə yeyilməlidir. Zaman keçdikcə bu qidalarda dad və rəng dəyişikliyi ilə yanaşı, həm də bakteriyaların çoxalma riski artır. Evdə bişən yeməklərin də həftələrlə saxlanması yolverilməzdir. Bişmiş xörəklərin maksimum üç-dörd gün ərzində istehlak edilməsi, daha uzun müddət qalmalı olan qidaların isə dondurucu kameraya yerləşdirilməsi məsləhətdir.

Süd, qatıq, qaymaq və yumşaq pendir kimi məhsulların son istifadə tarixləri daim nəzarətdə saxlanmalıdır. Xüsusilə ağzı açılmış süd məhsullarında qoxu və konsistensiya dəyişikliyi müşahidə olunarsa, onlardan dərhal imtina edilməlidir. Eyni zamanda dondurucu kamerada buz bağlamış, üzərində don vurmaları yaranan və nə vaxt qoyulduğu xatırlanmayan paketlər də təmizlənməlidir. Bu üsul soyuducuda həm boş yer açır, həm də qida idarəçiliyini asanlaşdırır.

Yəni soyuducuda uzun müddət qalan köhnə xörəklər, vaxtı keçmiş souslar və dondurucuda qarıyıb keyfiyyətini itirmiş buzlu qidalar həm pis qoxu verir, həm də zəhərlənməyə səbəb olduğu üçün dərhal atılmalıdır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova