“Ümumdünya Şəhərsalma Forumu urbanizasiya problemlərinin həlli istiqamətində yeni yanaşmalar və təşəbbüslərlə yadda qaldı. Forum çərçivəsində dünya ölkələrinin bu sahədəki təcrübə mübadiləsi aparıldı, gələcəkdə şəhərsalma sahəsində mövcud problemlərin aradan qaldırılması üçün yeni həll yolları müzakirə edildi. Ancaq WUF13 (Ümumdünya Şəhərsalma Forumu) Azərbaycan üçün həm də öz şəhərsalma mədəniyyətini və tarixi memarlıq ənənələrini yenidən dünyaya təqdim etmək baxımından mühüm platformaya çevrildi. Azərbaycan Prezidenti öz nitqində müxtəlif dövrlərdə, tarixin müxtəlif dövrlərində ilkin orta əsrlərdən başlamış, Qafqaz Albaniyası, onun paytaxtı Qəbələdən başlamış, XII əsr Əcəmi Naxçıvani dövrünə qədər, yəni Atabəylər dövrü, Naxçıvan paytaxtımıza qədər, Şirvanşahlar dövrü Şamaxı paytaxtımıza qədər genişmiqyaslı tarixi ekskursiya edərək qədimdən bəri Azərbaycanda şəhərsalma mədəniyyətinin tarixini, əslində, dünyaya təqdim etmiş oldu və müxtəlif dövrlərdə xalqımızın yaratdığı müxtəlif paytaxt şəhərlərinin özünəməxsus şəhərsalma arxitekturasını, mədəniyyətini diqqətə təqdim etmiş oldu”.
Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, bu, işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdış və bu kontekstdə tarixi şəhərlərimizin yenidən bərpa olunması məsələsi idi:
“Dünyada bu gün elə bir dövlət yoxdur ki, cəmi 5 illik bir müddətdə demək, bu qədər şəhərin baş planını və perspektiv planını təsdiq etməklə tarixi şəhərlər üzərində yeni şəhərlər yaratsın. Bax, bu Azərbaycanın təcrübəsidir və bu, unikal təcrübə idi. Yeni salınan şəhərlər, işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurulan şəhərlərimiz müasir şəhərsalmanın bütün problemləri nəzərə alınmaqla qurulmaqdadır, yaradılmaqdadır. Çünki yenidən salınan şəhərlər köhnə şəhərlərin urbanizasiya nəticəsində yaşadığı böhranları yaşamamaq üçün layihələndirilmiş şəhərlərimizdir”.
Onun sözlərinə görə, bütün dünyanın diqqət mərkəzində olan WUF13 beynəlxalq sessiyası rekord sayda qonaq və iştirakçının qatılması ilə yadda qaldı:
“Forumda nazirlər, dövlət və hökumət başçıları da geniş tərkibdə iştirak etdilər. Tədbir, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerinin, rolunun, gücünün və artan nüfuzunun göstəricisi oldu. 182 ölkənin Azərbaycanın dəvəti ilə Bakı şəhərində Qlobal Şəhərsalma Forumunda iştirak etməsinin özü-özlüyündə ayrıca göstəricidir. Yəni bu, sadəcə statistika deyil. Bu, Azərbaycanın diplomatik əlaqələrinin, beynəlxalq münasibətlərdə olan nüfuzunun göstəricisidir ki, onun dəvətindən bu qədər ölkə, demək, Azərbaycanda keçirilən tədbirə qatılmışdır. Və şübhəsiz ki, bu, gələcək beynəlxalq münasibətlərdə də Azərbaycanın nüfuzunun güclənməsinə və rolunun artmasına xidmət göstərəcəkdir”.
Qeyd edək ki, WUF13 (XIII Ümumdünya Şəhərsalma Forumu) 17-22 may 2026-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində, Bakı Olimpiya Stadionunda keçirilən urbanizasiya və davamlı şəhər inkişafı üzrə dünyanın ən nüfuzlu qlobal konfransıdır. UN-Habitat və Azərbaycan Hökumətinin birgə təşkil etdiyi bu mötəbər tədbir "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" şüarı altında keçirilib. Forum çərçivəsində rəqəmsal transformasiya, yaşıl enerji keçidi və gələcəyin smart şəhər modelləri qlobal şəhərsalma siyasətinin mərkəzində dayanır. İlk dəfə Liderlər Sammiti formatında təşkil olunan konfransda 180-dən çox ölkədən rekord sayda ekspert və rəsmi nümayəndə iştirak edib. Azərbaycan bu platformada Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, həmçinin "Ağıllı şəhər" təcrübəsini dünya ictimaiyyətinə uğurla təqdim edib. Yekunda qəbul edilən "Bakı Bəyannaməsi" isə gələcək inklüziv urbanizasiya və qlobal mənzil təminatı sahəsində dünya ölkələri üçün əsas strateji yol xəritəsi rolunu oynayacaq.
Leyla Turan Demokrat.az


