Sosial şəbəkələrdə yeni tendensiya diqqət çəkir. Müxtəlif şəxslərin canlı yayımlar, paylaşımlar və şəxsi müraciətlər vasitəsilə pul, ianə və maddi dəstək toplaması. Bəzi hallarda bu fəaliyyət “sosial şəbəkə dilənçiliyi” adlandırılır və xüsusilə “VIP dilənçilik” kimi təqdim olunan daha peşəkar formaları da müzakirə olunur. Bu cür hallar həm istifadəçilərin emosional təsir altında qalması, həm də real ehtiyacı olanlarla sui-istifadə edənlərin qarışdırılması baxımından cəmiyyətdə suallar yaradır. “VIP dilənçilik” adlandırılan bu fenomenlə necə mübarizə aparmaq mümkündür?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, sosial şəbəkələrdə artıq illərdir müxtəlif imkanlar yaranıb və insanlar ondan həm müsbət, həm də sui-istifadə məqsədilə istifadə edirlər:
"Bir tərəfdən, həqiqətən ağır və bahalı müalicəyə ehtiyacı olan insanlar cəmiyyətə müraciət edərək yardım toplayırlar və bu, humanist addımdır. Mən də imkan daxilində belə hallarda yardım etməyə çalışıram. Lakin digər tərəfdən, bu platformalardan sui-istifadə edən dələduzlar da var. Onlar saxta uşaq şəkilləri, uydurma hekayələr və təsirli videolar paylaşaraq insanların emosiyalarından istifadə edir, kart hesabları vasitəsilə böyük məbləğlər toplayırlar.
Bu isə nəticədə cəmiyyətdə inamsızlıq yaradır və “qurunun oduna yaş da yanır” vəziyyəti formalaşır. İnsanlar artıq real ehtiyac sahibi ilə dələduzu ayırd etməkdə çətinlik çəkirlər. Halbuki həqiqi ehtiyacı olan şəxslər adətən bütün məlumatları açıq şəkildə paylaşırlar. Ünvan, əlaqə nömrələri, ailə məlumatları, tibbi sənədlər və müalicə prosesi barədə detalları təqdim edirlər".
Ekspert deyib ki, savadsızlıq və məlumat azlığı səbəbindən bir çox insan bu fərqi görə bilmir və emosional paylaşımlara tez inanır:
"Nəticədə isə saxta kampaniyalara böyük məbləğlər yönləndirilir, real ehtiyac sahibləri isə zərər görür. Bu cür onlayn fırıldaqçılıq halları ciddi şəkildə araşdırılmalı və qarşısı alınmalıdır. Aidiyyəti dövlət orqanları bu kimi hallara qarşı daha sərt tədbirlər görməlidir. Eyni zamanda, bu sahədə tənzimləmə mexanizmləri yaradılması vacibdir. Məsələn, yardım kampaniyaları yalnız rəsmi platformalar və ya xeyriyyə fondları vasitəsilə həyata keçirilə bilər. Bu halda şəffaflıq təmin olunar və sui-istifadə imkanları azalır. Cəmiyyət də bu prosesdə diqqətli olmalıdır. Şübhəli səhifələr blok edilməli, şikayət olunmalı və digər istifadəçilər də xəbərdar edilməlidir. Paralel olaraq hüquq-mühafizə orqanlarına müraciətlər də artırılmalıdır ki, bu cür fəaliyyət göstərən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunsun.
Ümumilikdə, yardım mədəniyyəti qorunmalı, lakin eyni zamanda dələduzluğa qarşı ciddi mübarizə aparılmalıdır. Sosial şəbəkələrin inkişafı bir tərəfdən xeyriyyəçiliyi asanlaşdırsa da, digər tərəfdən inamsızlıq və sui-istifadə risklərini də artırır. Buna görə həm dövlət, həm də cəmiyyət bu məsələdə daha diqqətli olmalıdır", - deyə o qeyd edib.
Əfsanə Kamal Demokrat.az


