İqtisadiyyat

Azərbaycanda ən çox maaşı onlar alır

Azərbaycanda ən çox maaşı onlar alır

Ölkədə çalışan vətəndaşların gəlirlərində artım qeydə alınsa da, sahələr üzrə maaş fərqləri hələ də kəskin olaraq qalır. Dövlət Statistika Komitəsinin rəsmi hesabatı göstərir ki, ilin ilk rübündə orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq 1151 manata yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə iqtisadçı, deputat Vüqar Bayramov məlumat paylaşıb. Hazırda ölkədə əmək müqaviləsi ilə çalışanların ümumi sayı 1 milyon 797 min nəfər təşkil edir. Onlardan 869 mini dövlət idarələrində, 928 mini isə özəl şirkətlərdə çalışır.

Sektorlar arasındakı gəlir bərabərsizliyinə toxunan deputat xüsusilə neft-qaz sahəsindəki yüksək rəqəmləri önə çıxarıb. Onun sözlərinə görə, ən yüksək qazanc ənənəvi olaraq mədənçıxarma sənayesindədir:

"Bu sektorda çalışanların orta aylıq əmək haqqı məbləği 4581 manatdır. Yəni, neft və qaz sektorunda çalışanlar ölkə üzrə orta aylıq əmək haqqı məbləği ilə müqayisədə 4 dəfə çox maaş alırlar. Maliyyə və sığorta sektorunda orta aylıq əmək haqqı 2814 manatdır. Bank sektorunda çalışanlar ölkədə ikinci ən yüksək əmək haqqı alanlardrır. Bütövlükdə, iqtisadiyyatın 9 sektorunda çalışanlara ölkə üzrə orta aylıq maaş məbləği ilə müqayisədə daha çox əmək haqqı təklif edilir".

Təhlillər göstərir ki, digər 10 sahədə çalışanların qazancı ümumi ölkə göstəricisindən xeyli geri qalır. Deputat ən aşağı maaş alan sahələri və konkret rəqəmləri də təqdim edib:

"Ən aşağı orta aylıq əmək haqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb: 720 manat. Ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə çalışanların orta aylıq maaşları da aqrar sektorda çalışanların əmək haqqlarına yaxındır: 768 manat. Orta aylıq əmək haqqı məbləği təhsildə 824, elm sənayesində isə 1048 manatdır".

Vüqar Bayramov qeyd edib ki, əməkhaqqı göstəricilərinin sektoral təhlili artımların düzgün tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır:

"Xüsusən də, yalnız dövlət qulluqçularının deyil, bütövlükdə dövlət sektorunda maaş məbləğlərinin optimallaşdırılması prioritet olaraq qalmaqdadır".

Qısası, Azərbaycanda rəsmi iş yerlərində orta maaş 1151 manat təşkil etsə də, real gəlirlər işlədiyiniz sahədən asılı olaraq dəyişir. Neft və bank işçiləri orta göstəricidən qat-qat çox qazandığı halda, müəllimlər, kənd təsərrüfatı və ticarət sahəsində çalışanlar hələ də bu ortalamadan aşağı maaş alırlar.

Demokrat.az

NE
Nihadə Eyyubova