Türkiyənin Malatya şəhərində güclü zəlzələ baş verib, sarsıntı ətraf vilayətlərdə də ciddi təşvişə səbəb olub. Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) yaydığı məlumata görə, yeraltı təkanlar 5.6 bal gücündə qiymətləndirilib.
Demokrat.az xəbər verir ki, yeraltı təkanların ocağı Battalgazi rayonu olub. Yerli vaxtla saat 09:00-da qeydə alınan zəlzələ yerin 7.03 kilometr dərinliyində baş verib. Kandilli Rəsədxanası isə zəlzələnin dərinliyini 4.4 kilometr olaraq ölçüb.
Sarsıntı təkcə Malatyada yox, həmçinin Diyarbakır, Qaziantep, Kahramanmaraş, Hatay, Elazığ, Osmaniye, Kayseri, Adana, Adıyaman, Tunceli və Şanlıurfa kimi geniş ərazidə hiss edilib. Təkandan qorxan sakinlər dərhal evlərini tərk edərək küçələrə axışarkən, məktəblərdə dərslər dayandırılıb və şagirdlər təxliyə olunub.
Hadisə barədə danışan Malatya Böyükşəhər Bələdiyyə sədri Sami Er yeraltı təkanın çox güclü hiss olunduğunu bildirib:
"Güclü sarsıntı oldu. Zəlzələnin yerin 4.4 kilometr dərinliyində baş verdiyini öyrəndik, elə bu səbəbdən də çox şiddətli hiss etdik. Hazırda bizə hər hansı dağıntı və ya xəsarətlə bağlı rəsmi müraciət daxil olmayıb".
AFAD rəsmiləri də zəlzələdən dərhal sonra ərazidə araşdırmalara başlayıb. Qurumun açıqlamasında qeyd olunub ki, hazırda hadisə yerində yoxlamalar davam edir:
"Malatya şəhərinin Battalgazi rayonunda baş verən 5.6 ballıq zəlzələdən sonra an etibarilə hər hansı mənfi hal qeydə alınmayıb. Ərazidə axtarış-baxış işləri davam etdirilir. Zəlzələdən zərərçəkən və qorxu yaşayan vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq".
Demokrat.az


