Binəqədi rayonu ərazisində, “Qoşa zapravka” kimi tanınan ərazidə yolayrıcına çatmamış 5.8.1 məlumatverici nişanı quraşdırılıb. Həmin hissədən “Lukoil” istiqamətinə sola dönən sürücülər kamera vasitəsilə cərimələnirlər.Əvvəllər həmin ərazidə sola dönən avtomobillərə cərimə tətbiq olunmurdu. Bəzi sürücülər hesab edir ki, bu nişanın qüvvəsi qoşa xətt başladığı andan etibarən qüvvədən düşür. Əslində isə elə deyil. Məsələni dəqiqləşdirmək üçün nəqliyyat eksperti ilə əlaqə saxladıq.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, əgər orada sola dönməni qadağan edən nişan yoxdursa, bu o demək deyil ki, mütləq sola dönülməlidir.
"Demək ki, orada sola dönəndə qəza riski yaranır, tıxac yaranır, ona görə də sola dönmə məsləhət görülməyib. Onun üçün də nişan da qoyulub hətta ora.
"Həmin ərazidə nişan quraşdırılıb, üç zolaqdır. Hər zolağın da istiqaməti konkret göstərilib: yalnız düz və bir də sağa. Deməli, birinci zolaqdan, sağ zolaqdan sağa getmək olar, ikinci və üçüncü zolaqlardan yalnız düz getmək olar. Əgər hansısa sürücü düşünürsə ki, bu nişan öz qüvvəsini yol ayrımında artıq itirir, onu deyim ki, ora hələ bitmiş sayılmır. Niyə görə? Çünki həmin ərazidə bordür tamamlanması məsələsi olmalıdır ki, o yol ayrımının bitməsini göstərsin. Amma orada o yoxdur."
"Sürücülərə tövsiyə edirik ki, qoyulmuş nişanlara əməl eləsinlər. Məsələn, Bakı şəhərində buna bənzər hadisələr də var . Tutaq ki, sola dönmə nişanı qoyulub yolun sol zolağından. Yəni axırıncı sol zolaqdan sola dönmək olar və digər iki zolaqdan da düz getmək olar. Sürücülər gəlib sola dönmək zolağından geriyə dönmə əməliyyatı edirlər və deyirlər ki, əgər buradan sola dönmək olarsa, deməli geriyə dönmək də olar. Və yaxud da ki, geriyə dönməni qadağan eləyən nişan qoyulmayıb. Məgər hər yerə qadağanedici nişan qoyulmalıdır? Əgər bura nişan qoyulubsa ki, sola dönməlisən, deməli sola dönməlisən.
Geriyə dönmə əməliyyatı eləyəndə orada sıxlıq yaranır, tıxac yaranır, qəza riski yaranır. Bunu da sürücülər başa düşməlidirlər. Təəssüf ki, mən özüm də hər gün müşahidə edirəm, misal çəkə bilərəm Fəzail Bayramov küçəsində. Orada qarşıda dairə var, sürücülər gəlib həmin dairədə dövr eləyib geri dönmək əvəzinə, avtomobil yolunun ortasında məntəqəyə giriş yerindən geri dönmə hərəkəti edirlər və orada qəza riski yaradırlar gün ərzində. Ona görə də mən demirəm ki, burada bütün sürücülər günahkardır, amma çox təəssüf ki, bizim bir qısım sürücülərimiz var ki, qayda pozmağa meyillidirlər. Nişan varsa, nişanın tələbinə uyğun rəftar eləmək lazımdır."
Leyla Turan Demokrat.az


