Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab edilməsi ilə bağlı mühüm işə nöqtə qoyub. Məhkəmənin müəyyən etdiyi vahid təcrübə oxşar hüquqi mübahisələrin həllində əsas götürüləcək.
Demokrat.az xəbər verir ki, hadisənin kökü 1976-cı ilə gedib çıxır. İddiaçı müraciət edərək atasının 1974-cü ildə anası ilə evli olduğu halda, 1976-cı ildə başqa bir qadınla nikah bağladığını bildirib. O, atasının həmin vaxt rəsmi nikahda olduğunu əsas gətirərək ikinci nikahın etibarsız sayılmasını tələb edib. Faktlar göstərib ki, iddiaçının valideynlərinin nikahı rəsmən yalnız 2004-cü ildə pozulub.
Məsələni araşdıran apellyasiya instansiyası birinci məhkəmənin qərarını ləğv edərək iddianı rədd edib. Hakim heyəti bu qərarı Azərbaycan SSR-in o dövrdə qüvvədə olan Nikah və Ailə Məcəlləsi ilə əsaslandırıb. Qanunvericiliyə görə, əgər nikaha mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin nikahı etibarlı saymaq hüququna malikdir.
Konkret hadisədə 2004-cü ildə birinci nikah pozulduğu üçün 1976-cı ildə bağlanmış ikinci nikahın önündəki hüquqi maneə avtomatik aradan qalxmış hesab olunub. Ali Məhkəmə də bu yanaşmanı düzgün hesab edərək qərarı qüvvədə saxlayıb.
Qərarda həmçinin qeyd olunub ki, nikahın etibarsızlığı uşaqların vərəsəlik və digər qanuni hüquqlarına xələl gətirmir. Bu qərar ailə münasibətlərində yaranan mürəkkəb vərəsəlik işlərində yeni bir mərhələ açır.(bakupost.az)
Demokrat.az


