Bu gün alman faşizmi üzərində tarixi qələbədən 81 il keçir. Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. May ayının 9-u ölkədə qeyri-iş günüdür. 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb. İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib ki, 9 may 1945-ci il faşizm üzərində Qələbə Günüdür:
“Avropa vaxtı ilə 8 mayda, SSRİ vaxtı ilə isə 9 may 1945-ci ildə müttəfiq qoşunlarla faşist Almaniyasını təmsil edən nümayəndələr arasında kapitulyasiya aktı imzalandı. Bununla da Alman faşizminə son qoyuldu. Bu qələbə çox baha başa gəldi. SSRİ-dən 20 milyona yaxın insan bu müharibədə həlak oldu. Azərbaycandan 600 minə yaxın insan müharibəyə yollandı, onların 300 mini geri qayıtmadı. Hər il 9 May tarixində Azərbaycan cəmiyyəti faşizmin nə demək olduğunu, həyatlarını itirmiş babalarının timsalında bir daha xatırlayır. Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır. Bəşəriyyət bir daha heç vaxt faşizmin və yaxud faşizmə bənzər ideologiyaların meydana çıxmasına imkan verməməlidir. Çox təəssüf ki, SSRİ-nin dağılması dövründə biz erməni faşizmi ilə üz-üzə qaldıq. Onlar torpaqlarımızın 20 faizini işğal etdilər, bir milyondan çox vətəndaşımızı öz dədə-baba yurdlarından didərgin saldılar. Azərbaycan xalqına qarşı 20 Yanvar, Xocalı faciəsi və buna bənzər digər faciələr törədildi”.

O deyib ki, Ermənistanın sonrakı rəhbərləri, hətta dövlət rəhbərləri belə bu cinayətlərdə iştirak etdilər:
“Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə faşizm üzərində qələbə qazandığını və onun bir daha geri qayıtmaması üçün hər zaman mübarizə aparacağını sübut etdi. Allah Böyük Vətən Müharibəsində həlak olan soydaşlarımıza rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Faşizm insanlıq üçün ən böyük təhlükələrdən biridir və bu təhlükənin aradan qaldırılmasında azərbaycanlılar da böyük rol oynayıblar”.
Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, 9 May faşizm üzərində tarixi Qələbə Günü bütün dünya xalqları, bəşəriyyət üçün əlamətdar gündür:

“Bu gün təcavüzün, zorakılığın, qaniçənliyin üzərində haqqın və ədalətin təntənəsidir. Haqlı olaraq bu tarix keçmiş Sovet İttifaqının tərkibində olmuş respublikaların hər birində yüksək səviyyədə qeyd olunur. Çünki bu, həm insanlıq borcu, həm də bəşəri dəyərdir. Sovet İttifaqı dağıldıqdan, ləğv olunduqdan sonra da insanların 9 May – Qələbə Gününə böyük hörmət və ehtiramı qalmaqdadır. Çünki həmin respublikaların hər birinin vətəndaşları faşizm üzərində qələbədə öz paylarını, öz nailiyyətlərini görürlər. İkinci Dünya müharibəsində Azərbaycan xalqı da çoxsaylı qurbanlar verib. Hərbi düşərgələrdə minlərlə azərbaycanlı qətlə yetirilib, yandırılıb, ağır işgəncələrə məruz qalıb. Faşizm üzərində qələbə naminə igid oğullarımız canlarından keçiblər və Sovet İttifaqının ən ali mükafatı olan “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüblər. Müxtəlif orden və medallarla təltif olunublar. Arxa cəbhədə də Azərbaycan xalqının göstərdiyi şücaət misilsiz olub. Cəbhə vaxtında neftlə təmin edilməsəydi, müharibədə qalib gəlmək mümkün olmazdı. Çünki ittifaq respublikaları arasında cəbhəni yanacaqla ən çox təmin edən məhz Azərbaycan idi. Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Asəf Kərimov və onlarla igid oğlumuz azadlıq və qələbə uğrunda çox çətin döyüş yollarından keçərək ən yüksək adlara layiq görülüblər. Ona görə də bu gün biz Sovet İttifaqından ayrılsaq da, müstəqil dövlət olsaq da, beynəlxalq aləmdə nüfuz və hörmət qazansaq da, yenə də keçmişə dönməyi, həmin qələbəni yad etməyi vacib hesab edirik. Çünki bu, bəşəriyyətin xoşbəxtliyi, dünyada sülhün və əmin-amanlığın bərqərar olunması uğrunda aparılan mübarizə idi”.
O vurğulayıb ki, İkinci Dünya müharibəsində qazanılmış qəhrəmanlıq ənənələri 2020-ci və 2023-cü illərdə də davam etdirildi:
“Oğullarımız öz atalarının qəhrəmanlıq yolunu davam etdirərək torpaqlarımızı erməni təcavüzündən azad etdilər. Hər iki müharibədə qazanılan qələbə insanlıq, ədalət və sülh naminə idi. Bu gün də Azərbaycan xalqı və dövlət rəhbərliyi sülh, əmin-amanlıq və təhlükəsizlik uğrunda mübarizədə ön sıralarda dayanır. Dövlətimizin rəhbərinin sülh çağırışları, əməkdaşlığa və regionda təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Çünki İkinci Dünya müharibəsində olduğu kimi, Qarabağ müharibəsində də Azərbaycan xalqı haqq və ədalət uğrunda mübarizəni özünün insanlıq və vətənpərvərlik borcu hesab edib. 9 May tarixi unudulmazdır. Bu tarix böyük qələbələrin simvoludur. Allah Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhunu şad etsin. Onlar ölməzdirlər, daim xalqımızın qəlbində yaşayırlar. Təcavüzkar və zalım üzərində qazanılan qələbə hər birimizi sevindirir və gələcək uğurlara ruhlandırır”.
Leyla Turan Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqamətində hazırlanıb.


