Bakıda ictimai nəqliyyat sistemində inqilabi dəyişiklik baş verir.
Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla “Bakı Metropoliteni” QSC-nin fəaliyyət sahəsi genişləndirilir və qurum yenidən təşkil olunur. Bu qərarla paytaxtın nəqliyyat idarəçiliyi vahid mərkəzdə birləşdirilir.
Yeni qaydalara əsasən, “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC ləğv edilərək metropolitenə qoşulur. Bununla da "Bakı Metropoliteni" paytaxtda təkcə qatarların hərəkətinə deyil, həm də avtobus, taksi və gələcəkdə bərpa ediləcəyi gözlənilən tramvay xidmətlərinə cavabdeh olan nəhəng bir quruma çevrilir. Qurum həmçinin yeni nəqliyyat qovşaqlarının, avtovağzalların və təmir stansiyalarının tikintisini də həyata keçirəcək.
İdarəetmə strukturunda da ciddi yeniliklər var. Qurumun fəaliyyətinə nəzarət etmək üçün 5 nəfərdən ibarət Müşahidə Şurası yaradılır. Cari işlərə isə sədr və 4 müavindən ibarət İdarə Heyəti rəhbərlik edəcək.
Bu dəyişikliklərdən sonra Bakıda ictimai nəqliyyat növləri arasında inteqrasiya gücləndiriləcək, ödəniş sistemləri və marşrutlar vahid mərkəzdən idarə olunacaq.
Demokrat.az


