Azərbaycanda ailə quranların sayının kəskin azalması narahatlıq doğurub. Bu barədə politoloq Turab Rzayev qeyd edib. O, bu ilin yanvar-fevral aylarındakı statistikaya - ailə quranların sayının əhalinin hər 1000 nəfərinə nisbətdə 3,2-yə düşməsinə diqqət çəkib və bunu “demoqrafik fəlakət” adlandırıb. Politoloq bildirib ki, 1000 nəfərə düşən nikah sayı Türkiyədə 6,6, Gürcüstanda 5,9, Ermənistanda 5,1, Macarıstanda 4,9, Almaniyada 4,2, Polşada 3,7, Yunanıstanda isə 3,5-dir. Avropa ölkələri uzun illərdir ki, nikah sayının aşağı düşməsi, əhali azalmasından əziyyət çəkir. Azərbaycan hətta Avropanın bəzi ölkələrində nikah sayında geri qalır. Son illər Azərbaycanda rəsmi nikahların sayında azalmanın əsas səbəbi xüsusilə feminizm ideyalarının təqdimatı və bu mövzuda çıxış edən bloqerlərin təsiri cəmiyyətdə fərqli yanaşmalar doğurur.
Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, ailə institutunda baş verən dəyişikliklər və boşanmaların artması müasir dövrdə bir neçə paralel amilin təsiri ilə formalaşan kompleks sosial proses kimi qiymətləndirilir:
“Bu dəyişikliklərin izahında həm iqtisadi və məişət faktorları, həm psixoloji uyğunsuzluqlar, həm də sosial-mədəni transformasiyalar mühüm yer tutur. Lakin son illərdə bu prosesə ən çox təsir edən və geniş ictimai müzakirələr doğuran amillərdən biri gender münasibətlərinin dəyişməsi və xüsusilə feminizm ideyalarının cəmiyyətdə yayılmasıdır. Ənənəvi yanaşmada boşanmaların əsas səbəbi iqtisadi çətinliklər, maddi sabitliyin olmaması, işsizlik və ümumi yaşayış şəraitinin qeyri-sabitliyi kimi amillərlə izah olunur. Bu faktorlar ailə daxilində gərginlik yaradır və münasibətlərin davamlılığını zəiflədir. Bununla yanaşı, psixoloji uyğunsuzluqlar, xarakter fərqləri, həyat tərzində və dəyərlərdə uyğunluğun olmaması da münasibətlərin pozulmasında mühüm rol oynayır. Son dövrlərdə isə bu ənənəvi səbəblərə əlavə olaraq sosial strukturda baş verən dəyişikliklər daha qabarıq şəkildə müşahidə olunur. Qloballaşma, media təsiri, sosial şəbəkələr və yeni informasiya axınları ailə modelinə olan baxışı dəyişdirir, fərdi azadlıq və şəxsi seçimlər daha ön plana çıxır. Bu kontekstdə gender münasibətlərinin transformasiyası xüsusi yer tutur. Məhz bu mərhələdə feminizm ideyaları ailə institutunun dəyişməsində ən təsirli sosial cərəyanlardan biri kimi çıxış edir. Feminizm qadınların hüquq bərabərliyi, sosial imkanlara çıxışı, təhsil və əmək bazarında iştirakının genişləndirilməsi kimi prinsipləri önə çəkir. Bu proses qadınların iqtisadi və sosial müstəqilliyini artıraraq ailə daxilində rolların yenidən bölüşdürülməsinə səbəb olur”.
O bildirib ki, qadınların daha aktiv sosial mövqeyə çıxması, qərarvermə prosesində iştirakının artması və müstəqil həyat strategiyası qurması ailə münasibətlərində yeni gözləntilər formalaşdırır:
“Bu isə bərabərlik prinsiplərinin daha güclü şəkildə tələb olunmasına gətirib çıxarır. Nəticədə, ənənəvi ailə modeli ilə müasir yanaşmalar arasında müəyyən gərginliklər və uyğunsuzluqlar yaranır. Feminizm ətrafında gedən ictimai diskussiyalar bəzən fərqli və ziddiyyətli interpretasiyalar doğurur. Bərabərlik ideyasının müxtəlif şəkildə şərh olunması ailə münasibətlərinə fərqli baxışların formalaşmasına səbəb olur. Bir tərəfdən bu ideyalar qadın hüquqlarının qorunmasına və sosial ədalətin güclənməsinə xidmət edir, digər tərəfdən isə bəzi hallarda ailə daxilində rol bölgüsünün yenidən müzakirəyə çıxmasına və konflikt potensialının artmasına gətirib çıxara bilir. Bununla yanaşı, qadınların təhsil səviyyəsinin yüksəlməsi, əmək bazarında iştirakının genişlənməsi və sosial müstəqilliyinin artması ümumilikdə cəmiyyətin inkişafı baxımından mühüm müsbət dəyişikliklər yaradır. Lakin bu dəyişikliklər ailə institutunun ənənəvi strukturunu da transformasiyaya uğradır və yeni sosial modelin formalaşmasına zəmin yaradır. Boşanmaların artım dinamikası da bu proseslərin nəticəsi kimi qiymətləndirilir. Statistik göstəricilərin yüksəlməsi yalnız iqtisadi səbəblərlə deyil, həm də sosial dəyərlərin dəyişməsi, fərdi azadlıqların genişlənməsi və gender münasibətlərində yeni balans axtarışları ilə əlaqələndirilir. Bəzi yanaşmalarda bu vəziyyət ailə institutunun böhranı kimi deyil, onun transformasiya mərhələsi kimi dəyərləndirilir. Ümumilikdə, ailə institutunda baş verən dəyişikliklər çoxqatlı və kompleks xarakter daşıyır. İqtisadi və psixoloji faktorlarla yanaşı, feminizm ideyalarının cəmiyyətdə yayılması bu prosesin əsas hərəkətverici güclərindən biri kimi çıxış edir. Bu ideyalar qadınların sosial mövqeyini gücləndirməklə yanaşı, ailə münasibətlərində yeni balans və yeni model axtarışını da qaçılmaz edir”.
Qeyd edək ki, daha əvvəl Azərbaycanda bu səviyyədə nikah azalması olmayıb. Ən aşağı göstərici 1942-ci ildə İkinci Dünya müharibəsinin davam etdiyi və 2020 ildə koronavirus pandemiyasının yayıldığı zaman qeydə alınıb. 1942-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,6, 2020-ci ildə isə 3,5 olub.
Leyla Turan Demokrat.az


