Qəhvənin orqanizmi qocalmaqdan və ağır xəstəliklərdən necə qoruduğu məlum olub. Alimlər bu içkinin faydasının yalnız kofeinlə bağlı olmadığını sübut ediblər.
Demokrat.az xəbər verir ki, Texas A&M Universitetinin tədqiqatçıları qəhvənin tərkibindəki maddələrin xüsusi bir reseptorla qarşılıqlı əlaqəyə girdiyini üzə çıxarıblar. "Nutrients" jurnalında dərc olunan araşdırmaya görə, söhbət "qida maddələrinin sensoru" adlandırılan NR4A1 reseptorundan gedir.
Tədqiqat qrupunun rəhbəri, professor Stiven Seyf bildirib ki, bu zülal stress və zədələnmə zamanı genlərin aktivliyini tənzimləyir. Orqanizmdə hər hansı toxuma zədələndikdə NR4A1 dərhal işə düşərək fəsadları minimuma endirməyə çalışır. Əgər bu reseptor fəaliyyət göstərməsə, fəsadlar daha ağır və qalıcı olur.
Mütəxəssislər müəyyən ediblər ki, qəhvənin tərkibindəki polifenollar və kofein turşusu kimi birləşmələr məhz bu reseptora bağlanaraq onu aktivləşdirir. Maraqlıdır ki, kofein bu prosesdə demək olar ki, iştirak etmir. Əsas yükü meyvə və tərəvəzlərdə də rast gəlinən təbii birləşmələr daşıyır. Bu kəşf kofeinsiz qəhvənin də niyə adi qəhvə qədər faydalı olduğunu izah edir.
NR4A1 reseptoru iltihab, maddələr mübadiləsi və toxumaların bərpası kimi mühüm proseslərdə əsas rol oynayır. Bu sahələrdəki pozuntular isə birbaşa xərçəng, neyrodegenerativ və metabolik xəstəliklərlə bağlıdır. Hazırda alimlər bu reseptora daha güclü təsir edən sintetik maddələr üzərində işləyirlər ki, gələcəkdə ağır xəstəliklərin müalicəsində yeni dərmanlar hazırlasınlar.
Yəni, qəhvə içmək orqanizmdəki xüsusi qoruyucu mexanizmi işə salır. Bu mexanizm hüceyrələri stressdən qoruyur və xərçəng, yaddaş itkisi kimi qocalıq xəstəliklərinin qarşısını almağa kömək edir.
İsmayıl Demokrat.az


