Texnologiya Özəl

Rusiyada mobil internet tam söndürüldü

Rusiyada mobil internet tam söndürüldü

Rusiyanın paytaxtı Moskva daxil olmaqla bir neçə böyük şəhərində mobil internetə çıxış tamamilə məhdudlaşdırılıb. Səhər saatlarından etibarən sakinlər şəbəkəyə qoşulmaqda ciddi çətinliklər yaşadıqlarını bildirirlər.

Demokrat.az xəbər verir ki, kəsintilər yalnız adi saytları deyil, habelə xüsusi icazə verilmiş resursları da əhatə edir. Problemin coğrafiyası getdikcə genişlənir. Hazırda Moskva ilə yanaşı, Sankt-Peterburq və digər ətraf regionlardan da oxşar şikayətlər gəlməkdədir. "Detector404" xidmətinin statistikası göstərir ki, kütləvi şikayətlər yerli vaxtla səhər saat 08:00-dan etibarən kəskin artıb.

Ölkənin ən böyük rabitə təminatçıları olan MTS, T2, "Beeline" və "Yota" istifadəçiləri xidmətin dayandığını təsdiqləyirlər. T2 operatoru isə Moskva vilayəti ərazisində də eyni texniki maneələrin olduğunu açıqlayıb.

Qeyd edək ki, rabitə şirkətləri abunəçilərinə öncədən xəbərdarlıq ediblər. Bildirişlərdə qeyd olunub ki, 5-9 may tarixlərində təhlükəsizlik tədbirləri ilə əlaqədar internetin verilməsində məhdudiyyətlər tətbiq ediləcək.

Yəni, Rusiyanın bir çox şəhərində qeyd olunan bayram günlərində təhlükəsizliyi qorumaq məqsədilə mobil internetin işi qəsdən dayandırılıb və bu vəziyyət bir neçə gün davam edəcək.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova