Son illərdə mənzillərin eyvan hissələrinin genişləndirilməsi və ya bağlanması halları artıb. Bu isə həm şəhərsalma normaları, həm də təhlükəsizlik baxımından müəyyən hüquqi tələblər yaradır. Ekspertlər bildirirlər ki, eyvanların özbaşına bağlanması yalnız estetik görünüşə deyil, binanın ümumi konstruksiyasına və digər sakinlərin hüquqlarına da təsir göstərə bilər. Bu səbəbdən belə dəyişikliklər qanunvericiliklə tənzimlənir və hər halda icazə tələb edir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ barədə Demokrat.az-a açıqlamasında bildirib ki, binaların eyvanlarının bağlanması yalnız qanunvericiliyin müəyyən etdiyi müstəsna hallarda mümkündür:
“Bu, əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi zamanı, mövcud qaydalara uyğun şəkildə həyata keçirilə bilər. Belə hallarda müvafiq icra hakimiyyəti orqanının rayon icra hakimiyyətinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı və rəyinin alınması mütləqdir. Digər hallarda isə eyvanların genişləndirilməsi, layihədə nəzərdə tutulmuş ölçülərdən kənara çıxarılması və ya tam bağlanması qanunla qadağandır. Eyvanların açıq saxlanılması sadəcə estetik məsələ deyil. Bu, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq nəzərdə tutulmuş vacib elementdir. Belə sahələr fövqəladə hallarda müdaxilə imkanlarının təmin edilməsi və sakinlərin təhlükəsizliyi baxımından mühüm rol oynayır”.
O deyib ki, vətəndaşların bu sahələrdən müəyyən edilmiş qaydalar çərçivəsində istifadəsi nəzərdə tutulur:
“Eyvanların bağlanmasına yalnız qanunvericiliyin icazə verdiyi konkret hallarda yol verilir. Məsələn, binanın birinci və ya ikinci mərtəbəsində yerləşən obyekt yaşayışdan qeyri-yaşayış sahəsinə çevrildikdə və eyvanın bağlanması digər sakinlərin hüquqlarına, ümumi istifadəyə və keçid imkanlarına mane olmadıqda bu mümkündür. Lakin bu da yalnız müvafiq icra hakimiyyəti orqanlarının rəsmi razılığı əsasında həyata keçirilə bilər”.
Yəni, binaların eyvanlarını icazəsiz bağlamaq və ya böyütmək qanunla qadağandır. Çünki bu həm binanın ümumi təhlükəsizliyinə zərər vurur, həm də qəza zamanı insanların xilas edilməsini çətinləşdirir. Leyla Turan Demokrat.az


