Məşhur müğənni Kenan Doğulunun İstanbulda baş tutan simfonik konsertində maraqlı anlar yaşanıb.
Demokrat.az xəbər verir ki, konsertin ən diqqətçəkən məqamı sənətçinin ön sırada əyləşən komediya ustası Cem Yılmaza etdiyi zarafat dolu xəbərdarlıq olub.
Zalda gülüş doğuran anlar
“Kenan Doğulu Symphonity” layihəsi çərçivəsində İstanbul Konqres Mərkəzində səhnəyə çıxan ifaçını izləyənlər arasında tanınmış simalar yer alıb. Konserti aktyor Uraz Kayqılaroğlu ilə birlikdə ön sıradan izləyən Cem Yılmaz gecə boyunca zarafatları və şən əhval-ruhiyyəsi ilə diqqət çəkib. Yılmazın yanındakı dostu ilə tez-tez zarafatlaşması sənətçinin nəzərindən qaçmayıb. Kenan Doğulu səhnədən məşhur komediyaçıya səslənərək “Cem, burada ciddi bir iş görürük”, deyə bildirib. Bu sözlər zalda böyük gülüşlə qarşılanıb.
88 nəfərlik orkestr və ulduzlar keçidi
Gecədə Kenan Doğulunu 88 nəfərdən ibarət nəhəng simfonik orkestr müşayiət edib. Sənətçi sevilən mahnılarını fərqli aranjimanda təqdim edərək dinləyicilərə unudulmaz gecə yaşadıb.
Konserti izləyənlər arasında Akın Akınözü, Pelin Akil, Hazal Filiz Küçükköse və Engin Hepileri kimi bir çox populyar simalar da olub.
Jalə Demokrat.az


