Maraqlı Özəl

Xəstə həkiminə böyrəyini bağışladı

Xəstə həkiminə böyrəyini bağışladı

Türkiyənin Kilis şəhərində ailə sağlamlıq mərkəzində həkim kimi çalışan və böyrək çatışmazlığından əziyyət çəkən doktor Turgay Happani, illərlə müayinə etdiyi xəstəsinin bağışladığı böyrəklə yenidən həyata tutunaraq sağlamlığına qovuşub.

Demokrat.az xəbər verir ki, 56 yaşlı Turgay Happani uzun illər proteinuriya (sidikdə zülalın yüksək olması) xəstəliyi ilə mübarizə aparıb. Zaman keçdikcə xəstəliyi ağırlaşdığı üçün ona böyrək köçürülməsi qərarı verilib. Uzun axtarışlara baxmayaraq uyğun donor tapılmayıb, qan uyğunsuzluğu səbəbilə ailə üzvləri də orqan bağışlaya bilməyib.

Bu vaxt onun Kilisdə müalicə etdiyi xəstəsi, 52 yaşlı Mehmet Kın böyrəyini bağışlamaq istədiyini bildirib. Həkim əvvəlcə bu təklifi qəbul etməyib, lakin xəstənin israrı nəticəsində razılaşıb. Aparılan müayinələrdən sonra donor uyğun hesab olunub və Gaziantepdə Kahraman Eruslu Böyrək Köçürmə Xəstəxanasında uğurlu əməliyyat həyata keçirilib.

Əməliyyatdan sonra sağlamlığına qovuşan Turgay Happani bildirib ki, o, 30-35 ildir xroniki böyrək xəstəliyindən əziyyət çəkirdi və uyğun donor tapmaq mümkün olmamışdı. Xəstəsi Mehmet Kının bu vəziyyətdən çox təsirləndiyini və könüllü şəkildə böyrəyini bağışlamaq istədiyini deyib. İlk vaxtlar bunu ciddi qəbul etməsə də, onun səmimiyyəti və qətiyyəti nəticəsində transplantasiya həyata keçirilib.

Mehmet Kın isə bildirib ki, doktor Happani illərlə onların ailə həkimi olub, hər zaman kömək edib və çox yaxşı insan olub. Təsadüfən qan qruplarının uyğun olduğunu öyrəndikdən sonra heç bir qarşılıq gözləmədən böyrəyini bağışlamağa qərar verib. Həkim əvvəlcə qəbul etməsə də, sonradan razılaşıb və əməliyyat uğurla baş tutub. O, bu addımı könüllü etdiyini və hər ikisinə sağlamlıq arzuladığını deyib.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova