Tovuz rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 1-də Tovuz şəhəri M.Musayev küçəsində baş verib.
1988-ci il təvəllüdlü Tahir həmin gün saat 17 radələrində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Turalı (adlar şərtidir – red.) baş zərbəsi ilə burun nahiyəsinə bir dəfə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İş üzrə ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur:
“Zərərçəkmiş Turalı təxminən iki ildir tanımışam və aramızda əvvəllər heç bir problem olmayıb. Mən avtomobil təmiri ilə məşğul olmuşam. Təxminən dörd ay əvvəl Tural idarə etdiyi “VAZ 2106” markalı avtomobili təmir etdirmək üçün yanıma gətirdi. Avtomobili təmir etdim. Lakin Tural həmin vaxt işləmədiyi üçün 150 manat borclu qaldı. Həmin vaxtdan etibarən o, borcunu qaytarmadı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 1-də, təxminən saat 15:00-da Turalın mobil nömrəsinə zəng edərək borcunu tələb edib: “Bu zaman Tural mənə qarşı nalayiq ifadələr işlətdi. Mən onunla görüşməyi təklif etdim. Saat təxminən 17:40-da Tovuz şəhərində görüşdük. Həmin vaxt orada yalnız ikimiz olmuşuq. Mən borcumu yenidən tələb etdim. Tural borcu qaytarmayacağını bildirdi, nalayiq ifadələr işlətdi. Bu zaman əsəbiləşdim və Turalın mənə qarşı nalayiq ifadələr işlətməsi səbəbindən başım ilə onun burun nahiyəsinə bir dəfə zərbə vurdum. Bundan sonra Tural burnunu tutaraq məndən şikayət edəcəyini bildirdi və hadisə yerindən uzaqlaşdı. Mən Turalı yalnız nalayiq ifadələr işlətdiyi üçün vurmuşam”.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib, zərərçəkən təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb.
Tovuz Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


