Telefon istifadəçiləri son günlər balansındakı vəsaitin internet paketlərinə çatmadığını görür, çünki qiymətlər artıq əvvəlki kimi deyil. Məsələn, əvvəllər 11 manata satılan paketlərin qiyməti artıq 13 manata yüksəlib və bu tendensiyanın sabit internet tariflərinə də keçəcəyi gözlənilir.
Demokrat.az xəbər verir ki, bu bahalaşmanın səbəblərini “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov izah edib. Onun sözlərinə görə, bu məsələ bir neçə amilin üst-üstə düşməsi ilə bağlıdır.
“Əvvəla, internetə olan tələbat əvvəlki illərlə müqayisədə xeyli artıb. İnsanlar artıq daha çox video izləyir, onlayn oyunlar oynayır, bulud xidmətlərindən istifadə edir. Bu isə operatorların şəbəkəsinə daha çox yük deməkdir. Şəbəkənin bu yükü problemsiz daşıması üçün isə daim yenilənmə və genişlənmə lazımdır. Digər tərəfdən, texniki xərclər də artıb. Operatorların istifadə etdiyi avadanlıqlar əsasən xaricdən gətirilir və valyuta dəyişiklikləri, logistika xərcləri bu sahəyə birbaşa təsir edir. Üstəlik, enerji xərcləri də əvvəlki kimi deyil və bu da ümumi maya dəyərini artırır. Eyni zamanda nəzərə almaq lazımdır ki, yeni texnologiyalara keçid dövründəyik” – deyə mütəxəssis bildirib.
Eşqin Nuruşov qeyd edib ki, 4G və xüsusilə 5G kimi texnologiyalar istifadəçiyə daha sürətli və keyfiyyətli internet təmin etsə də, onların qurulması və saxlanması kifayət qədər böyük investisiya tələb edir.
“Sabit internetlə bağlı bahalaşma xəbərlərinə də rast gəlinir. Burada da oxşar vəziyyətdir. Fiber-optik infrastrukturun genişləndirilməsi, daha stabil və sürətli xidmət təqdim etmək üçün görülən işlər operatorlar üçün əlavə xərclər yaradır. Qiymət artımı sırf operatorların qərarı kimi görünə bilər, amma arxasında daha geniş iqtisadi və texnoloji səbəblər dayanır” – deyə o əlavə edib.
Yəni, internetdən istifadə edənlərin sayının və yüklənmənin artması, həmçinin xaricdən gətirilən avadanlıqların bahalaşması şirkətləri xidmət haqlarını qaldırmağa məcbur edir.(globalinfo)
Demokrat.az


