Cəmiyyət Özəl

Sürücülərin nəzərinə — Bakıda maşınlardan pul yığan şəxslər peyda olub

Sürücülərin nəzərinə — Bakıda maşınlardan pul yığan şəxslər peyda olub

Bakıda rəsmi parklanma yerləri olmayan ərazilərdə sürücülərdən qeyri-qanuni ödəniş tələb olunması halları artıb və bu məsələ cəmiyyətdə narazılıq doğurur. Bu cür hallar həm hüquqi, həm də etik baxımdan suallar yaradır. Əsas sual isə ondan ibarətdir ki, belə fəaliyyət hansı məsuliyyətə səbəb olur, nəzarət mexanizmləri niyə tam effektiv işləmir və vətəndaşlar bu vəziyyətlə qarşılaşdıqda necə davranmalıdır.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, Bakıda rəsmi parklanma yeri olmayan ərazilərdə sürücülərdən pul tələb edilməsi hüquqi baxımdan qanunsuz sahibkarlıq və ya xidməti səlahiyyətlərin mənimsənilməsi kimi qiymətləndirilə bilər.

"Əgər bu tələb təzyiq və ya hədə-qorxu ilə müşayiət olunursa, məsələ artıq İnzibati Xətalar Məcəlləsi çərçivəsindən çıxaraq Cinayət Məcəlləsinin müvafiq maddələrinə, yəni hədə-qorxu ilə tələb etmə faktına qədər uzana bilər. Bu halların qarşısının alınmasında nəzarət mexanizmlərinin tam effektiv olmamasının əsas səbəblərindən biri həmin şəxslərin mobil olması və rəsmi bir quruma bağlı olmamalarıdır. Digər tərəfdən, sürücülərin avtomobillərinə zərər yetiriləcəyindən ehtiyat edərək nağd ödənişə razılaşması bu qeyri-qanuni fəaliyyətin iqtisadi baxımdan davamlılığını təmin edir".

Vəkil bildirib ki, vətəndaşlar bilməlidir ki, ödəniş yalnız rəsmi nişanların olduğu parklanma yerlərində və rəqəmsal üsullarla, yəni, “Azparking” tətbiqi və ya SMS vasitəsilə həyata keçirilməlidir.

"Qanunsuz tələblərlə qarşılaşdıqda nağd ödənişdən imtina etmək, qarşı tərəfdən fəaliyyətinin qanuniliyini təsdiq edən sənəd tələb etmək və təzyiq hallarında dərhal daxili işlər orqanlarına müraciət etmək ən doğru yanaşmadır".

Yəni, rəsmi lövhə olmayan yerlərdə sizdən parklanma pulu istəyən şəxslərin heç bir hüquqi səlahiyyəti yoxdur və onlara ödəniş etmək məcburi deyil.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova