Bəzi hallarda dəfn mərasimlərinin, o cümlədən tabutun və ya cənazə prosesinin sosial şəbəkələrdə video və foto şəklində paylaşılması müşahidə olunur. Bu məsələ həm dini, həm də mənəvi baxımdan cəmiyyətdə müzakirə doğurur. Bəs, bu cür davranışlar İslam dəyərləri və mərhumun hörmət prinsipləri ilə nə dərəcədə uyğun hesab olunur?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, tabutla şəkil və video çəkib paylaşmaq düzgün deyil.
"Həyatda yaşayan heç bir insan istəməz ki, onun yatmağı, uzanmağı və digər məhrəm halları kimlərsə tərəfindən görüntülənsin. Bir tərəfdən baxdıqda tabutda insanın özü görünməsə də, cənazənin aparılmasının göstərilməsi həm ədəb baxımından doğru sayılmır, həm də videoya baxan insanların yaş fərqlərinə və psixoloji durumlarına görə mənfi təsirlər yarada bilər. Bilirik ki, İslamın ilk dövrlərində, xüsusilə qadınların dəfni məsələsində, mərhumun cənazəsinin yad gözlərdən uzaq qalmasına diqqət edilirdi. Hətta bəzi rəvayətlərdə qadınların gecə vaxtı dəfn olunduğu da qeyd edilir ki, cənazə daha az insan tərəfindən görülsün. Təəssüf ki, bu gün cənazə qadın olduqda belə bu həssaslığa hər zaman riayət edilmir. Qeyd etmək lazımdır ki, bu məsələ çox həssasdır və insanın daxilində narahatlıq yaradan bir mövzudur. Çünki söhbət artıq həyatda olmayan, özünü müdafiə edə bilməyən bir mərhumun hörmətindən gedir".
İlahiyyatçı bildirib ki, İslama görə insanın dəyəri yalnız həyatda olduğu dövrlə məhdudlaşmır.
@isi__o2Sözün bittiği an … Allah sene rehmet etsin atam 🥀 ve atamdan tek xatire qalan video idi ..
♬ orijinal ses - user98349585127
"Peyğəmbərimiz Məhəmməd (ona və ailəsinə salam olsun) buyurur ki, ölünün sümüyünü sındırmaq diri insanın sümüyünü sındırmaq kimidir. Bu hədis göstərir ki, insan öldükdən sonra da onun hörməti və toxunulmazlığı davam edir. Bu, təkcə fiziki müdaxilə ilə deyil, onun adına, xatirəsinə və izzətinə münasibətlə də bağlıdır. Qurani-Kərimdə də insanın şərəfli varlıq olduğu vurğulanır. İsra surəsinin 70-ci ayəsində Allah buyurur ki, Biz Adəm övladını şərəfli etdik. Bu şərəf həyatla bitmir; ölüm insanın dünyadan köçməsi olsa da, onun izzəti qorunmalı olan bir əmanət kimi qalır. Dəfn mərasimi İslamda sadəlik, təvazökarlıq və ibadət ruhu üzərində qurulub. Məqsəd mərhumu son mənzilə hörmətlə yola salmaq, onun üçün dua etmək və yaxınlarına təsəlli verməkdir. Bu mərasimlər nümayiş, diqqət çəkmək və ya sosial şəbəkələrdə görüntü paylaşmaq üçün deyil. Klassik alimlər, o cümlədən İmam Nəvəvi və İmam Qəzali kimi böyük alimlər də dəfn və yas mərasimlərində riya və nümayişdən uzaq durmağın vacibliyini xüsusi vurğulayıblar".
Onun sözlərinə görə, tabutla video çəkib paylaşmaq bir neçə ciddi problemi ortaya çıxarır.
"Birincisi, bu davranış çox vaxt mərhumun şəxsi məkanını və məhrəmliyini pozur. İnsan həyatda ikən necə özəl həyatına hörmət istəyirsə, ölümündən sonra da bu haqq davam edir. İkincisi, bu cür paylaşımlar yasın mahiyyətini dəyişir. Yas ibadət, dua və sükut halıdır, nümayiş və paylaşım üçün deyil. Üçüncüsü, bu davranış cəmiyyətdə ölümün ciddiyyətini zəiflədir və onu tədricən adiləşdirir. Halbuki ölüm insanı düşündürməli, həyatına baxışını dərinləşdirməlidir. Amma görüntüyə və kontentə çevrildikdə bu dərinlik itir. Müasir psixologiya da göstərir ki, yas prosesi insanın daxili yaşantısıdır və onun ictimai nümayişə çevrilməsi həm mərhumun yaxınlarına, həm də cəmiyyətin emosional sağlamlığına mənfi təsir edir. İnsan ağrısını paylaşa bilər, lakin onu nümayiş etdirmək ayrı bir məsələdir".
Əkrəm Həsənov bildirib ki, əgər tabutla video və ya şəkil paylaşmaqda məqsəd maarifləndirmədirsə, məsələn, dəfn qaydalarını göstərmək və ya sosial bir problemi işıqlandırmaq, bu halda da çox diqqətli və etik çərçivədə davranmaq lazımdır.
"Mərhumun kimliyi, hörməti və ailəsinin razılığı nəzərə alınmadan edilən hər paylaşım artıq məsuliyyət doğurur. Nəticə olaraq, tabutla video çəkib sosial şəbəkələrdə paylaşmaq İslamın ruhuna uyğun bir davranış deyil. Bu nə mərhumun hörmətinə uyğundur, nə də yasın mənəvi mahiyyətinə. İslam insanı həm həyatda, həm də ölümündən sonra qorumağa çağırır. Əsas meyar sadədir: əgər bir davranış mərhumun izzətini azaldır və onu görüntü obyektinə çevirirsə, bu doğru yol deyil. İnsan bir anlıq dayanıb düşünməlidir: sabah eyni vəziyyətdə özümüz və ya yaxınlarımız olsa, bu cür görüntülərin paylaşılmasını istəyərdikmi? Cavab çox vaxt ən doğru ölçünü verir".
Əfsanə Kamal Demokrat.az


