Bakıda sərnişin daşıyan avtobusun sükanı arxasında dəhşətli anlar yaşanıb, sürücü hərəkətdə olan nəqliyyat vasitəsində qəfil keçinib. Hadisə şahidlərin gözü qarşısında, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində baş verib. 55 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü, 60 yaşlı Rövşən Hüseynovun ürəyi qəfil dayanıb. Paytaxt sakini olan sürücünün infarkt keçirdiyi müəyyən edilib. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sükan arxasında qəfil ölüm hallarının tibbi səbəblərinə toxunan terapevt-həkim Kəmalə Orucova Demokrat.az-a bildirib ki, bu hadisələrin kökündə əsasən ürək-damar sistemi xəstəlikləri dayanır.
“Ən çox rast gəlinən səbəb miokard infarktı və ya qəfil ürək ritm pozuntularıdır. Məsələ ondadır ki, bu tip ölümlər adətən birdən-birə baş vermir. İllərlə davam edən yüksək stress, uzun saatlar oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, siqaret, təzyiq və şəkər kimi nəzarətsiz qalan problemlər ürək damarlarında gizli dəyişikliklər yaradır. Xüsusilə ictimai nəqliyyat sürücüləri kimi gərgin və məsuliyyətli işdə çalışan insanlarda risk daha yüksək olur. Son illər ürəkdən qəfil ölüm hallarının artması da məhz həyat tərzinin dəyişməsi ilə bağlıdır. İnsanlar daha az hərəkət edir, daha çox stress yaşayır və müayinələrə gec müraciət edir. Bu baxımdan əsas çıxış yolu vaxtında müayinələr, təzyiq və xolesterinin nəzarətdə saxlanması, düzgün qidalanma və mümkün qədər stressin azaldılmasıdır. Çünki ürək xəstəlikləri çox vaxt əvvəlcədən siqnal verir, sadəcə bu siqnalları vaxtında ciddiyə almaq lazımdır” - deyə həkim qeyd edib.
Leyla Turan Demokrat.az


