Çinli həkimlər yaşlı qadının beynində illərdir gizlənən təhlükəni cərrahi müdaxilə ilə aradan qaldırıblar. Uzun müddət davam edən qəribə ağrılar və qıcolmalar 8 santimetrlik parazitin aşkarlanması ilə nəticələnib.
Demokrat.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) nəşri məlumat yayıb. Hadisə Çinin Quandun əyalətindəki klinikalardan birində qeydə alınıb. 61 yaşlı qadın bir neçə il idi ki, ətraflarının və baş dərisinin uyuşmasından, soyuğa qarşı həssaslıqdan şikayət edirdi. İlk simptomlar 2021-ci ildə onurğa əməliyyatından sonra büruzə versə də, problemin əsl qaynağını tapmaq mümkün olmayıb.
Neyrocərrahlar müayinə zamanı beyin toxumalarında parazitin hərəkət etdiyini göstərən xüsusi izlər aşkar ediblər. Əməliyyat zamanı qadının beynindən diri parazit çıxarılıb. Həkimlərin rəyinə görə, yoluxma onilliklər əvvəl baş verə bilərdi.
Xəstə gənc yaşlarında diş ağrısını kəsmək üçün xalq təbabətinə əl atdığını bildirib. O, çürük dişinin üzərinə qurbağa ayağı qoyaraq müalicə olunmağa çalışıb. Eyni zamanda qadının mütəmadi olaraq qaynadılmamış su içdiyi də məlum olub.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu növ parazitlər orqanizmə çirkli su, yaxşı bişirilməmiş ət məhsulları və ya gigiyenik olmayan müalicə üsulları ilə daxil olur. Qana keçən sürfələr sinir sisteminə qədər irəliləyərək beyində ciddi iltihablanma və nevroloji pozuntular yaradır. Əməliyyatdan sonra pasiyentin vəziyyəti normallaşmağa başlayıb.
Yəni, təmiz olmayan su içmək və ya qəribə xalq təbabəti üsullarından istifadə etmək bədənə qurdların düşməsinə, hətta həmin qurdların beyinə qədər gedib çıxmasına səbəb ola bilər.
İsmayıl Demokrat.az


