Ermənistanın daxili siyasi mühitində Nikol Paşinyanın son sülh bəyanatları ciddi müzakirə və təhlillərə yol açıb. Baş nazirin hər çıxışında sülh ritorikasını xüsusi canfəşanlıqla qabartması cəmiyyətdə həm ümid, həm də müəyyən suallar doğurur.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Demokrat.az-a bildirib ki, Nikol Paşinyanın seçki prosesində əsas şüarı sülh şüarıdır və bu şüar ona müəyyən siyasi dividendlər qazandırır:
"Bununla Paşinyan həm beynəlxalq ictimaiyyətə mesaj verir ki, Ermənistan sülh tərəfdarıdır və regionda sabitliyin tərəfdarı kimi çıxış edir. Bundan başqa, eyni mesajlar Ermənistan cəmiyyətinə də ünvanlanır. Paşinyan açıq şəkildə bildirir ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmadan Ermənistanın normal və dayanıqlı dövlətə çevrilməsi mümkün deyil. O, hesab edir ki, gələcək gərginliklər və mümkün hərbi eskalasiyalar Ermənistanın maraqlarına uyğun deyil və ölkəni daha da çətin vəziyyətə sala bilər".
Ekspert vurğulayıb ki, Paşinyanın bu addımları təsadüfi xarakter daşımır və birbaşa ölkədə yaxınlaşan parlament seçkiləri ilə sıx bağlıdır. Hakimiyyət sülh kartından istifadə etməklə seçicilərin rəğbətini qazanmağa və rəqiblərini sıradan çıxarmağa çalışır. Paşinyan anlayır ki, müharibədən yorulmuş erməni cəmiyyəti üçün sabitlik vədi ən cəlbedici şüardır.
"Daha dəqiq desək, o, həm praqmatik, həm də rasional düşüncə ilə bu şüardan istifadə edir. Hesab edir ki, sülh mesajları vasitəsilə erməni cəmiyyətinin simpatiyasını qazana bilər və seçkilərdə uğur şansını artıra bilər. Ümumilikdə bu yanaşma və açıqlamalar həm praqmatik baxışa, həm də rasional siyasi hesablamalara əsaslanan bir xətt kimi qiymətləndirilə bilər",- deyə o bildirib.
Ermənistan daxilində revanşist qüvvələrin təzyiqlərinə baxmayaraq, Paşinyan komandası sülh gündəmini əsas xətt kimi saxlayır. Bu taktika həm seçki kampaniyasının təməlini təşkil edir, həm də Ermənistanın gələcək taleyi ilə bağlı verilmiş məcburi, lakin rasional qərar kimi görünür. Beləliklə, sülh çağırışları sadəcə bəyanat deyil, hakimiyyətin siyasi ömrünü uzatmaq üçün seçdiyi ən təhlükəsiz yoldur.
Yəni, Nikol Paşinyan yaxınlaşan seçkilərdə qalib gəlmək üçün xalqa müharibə deyil, sülh vəd edir, çünki ölkənin iqtisadi və hərbi vəziyyətinin başqa yolu qalmadığını dərk edir.
Əfsanə Kamal Demokrat.az

