Türkiyədə "Karagül" ləqəbi ilə tanınan TikTok fenomeni canlı yayım zamanı törətdiyi qanlı əmələ görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İzləyicilərin gözü qarşısında bir nəfərə bıçaqla hücum edən qadının hərəkətləri sosial şəbəkələrdə geniş rezonans doğurub.
Demokrat.az xəbər verir ki, qadın hadisə törədərkən canlı yayımı dayandırmayıb və baş verənləri anbaan telefonla çəkməyə davam edib. Maraqlıdır ki, zorakılıq kadrlarını izləyən bəzi istifadəçilər həmin anlarda ona virtual hədiyyələr göndərməkdən çəkinməyiblər. Bu hal ictimaiyyət tərəfindən kəskin tənqid olunub.
Hətta polis tərəfindən saxlanılaraq xidməti avtomobilə aparılan vaxt da yayımı davam etdirən "Karagül"ün keçmişi də qalmaqallarla doludur. Bundan əvvəl o, uşaqlarına qarşı zorakılıq törətməkdə ittiham olunub və nəticədə üç övladı dövlət himayəsinə verilib. Hazırda polis bıçaqlanma hadisəsinin təfərrüatlarını və zərərçəkənin vəziyyətini araşdırır.
Demokrat.az


