Avstriyada məşhur uşaq qidası istehsalçısı "Hipp" markasına məxsus məhsullarda siçan zəhərinin aşkarlanması beynəlxalq səviyyədə həyəcan təbili çalınmasına səbəb olub. Burgenland bölgəsində alıcının marketdən aldığı tərəvəz püresinin qapağındakı zədəni görməsi böyük təhlükənin üstünü açıb.
Demokrat.az xəbər verir ki, aparılan laboratoriya analizləri nəticəsində bankalarda zəhərli maddənin olduğu təsdiqlənib. Avstriya polisinin verdiyi məlumata görə, zərərli maddə aşkar edilən bankaların alt hissəsində qırmızı dairə nişanı qoyulub və qoruyucu plombları əvvəlcədən zədələnib.
Hadisə ilə bağlı "Hipp" şirkəti rəsmi açıqlama verərək, bunun istehsal prosesi ilə bağlı olmadığını, kənar şəxslərin cinayət xarakterli müdaxiləsi nəticəsində baş verdiyini bildirib. Təhlükəsizlik tədbiri olaraq, sözügedən markanın məhsulları təkcə Avstriyada deyil, həmçinin Sloveniya, Macarıstan, Xorvatiya və İtaliyadakı 1 500-dən çox supermarketdən təcili geri çağırılıb.
Yəni, uşaq qidası bankalarına qəsdən zəhər qatıldığı müəyyən edilib və valideynlərə qapağı zədəli olan məhsullardan uzaq durmaq barədə xəbərdarlıq edilib.
Demokrat.az


