Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən hadisələrdən sonra mafiya mövzulu seriallar ciddi nəzarətə götürülüb. Artıq bəzi ekran işlərində zorakılıq kadrlarının ixtisar edilməsinə başlanılıb.
Demokrat.az xəbər verir ki, ilk dəyişiklik reytinqlərdə ön sıralarda qərarlaşan "Yeraltı" serialında müşahidə olunub. Ekran işinin 12-ci bölümünün yutub platformasındakı fraqmanı silinərək bərbərin vurulma səhnəsi oradan çıxarılıb. Həmçinin bu həftə serialın yeni bölümü yayımlanmayıb.
Hazırda Türkiyə efirlərində yayımlanan "Uzak şehir", "Halef", "Arka sokaklar" və "Teşkilat" kimi populyar layihələrdə silahlı atışma və sosial gərginlik yaradan səhnələrin çoxluğu narahatlıq doğurur. Aidiyyəti qurumlar bu tip məzmunların gələcəkdə daha ciddi araşdırılacağını bildiriblər. Zorakılıq elementlərinin ekranlarda azaldılması istiqamətində addımların davam edəcəyi gözlənilir.





