Hadisə

Qadınları fahişəliyə cəlb edən iki nəfər saxlanıldı: Biri tanınmış şəxsdir — VİDEO

Qadınları fahişəliyə cəlb edən iki nəfər saxlanıldı: Biri tanınmış şəxsdir — VİDEO

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 28 yaşlı E.Q. və 27 yaşlı X.H. həbs edilib. Saxlanılan şəxslər qadınları cinsi istismara məruz qoymaqda və insan alveri cinayəti törətməkdə ittiham olunurlar.

Demokrat.az xəbər verir ki, istintaq materiallarına görə, E.Q. ölkə vətəndaşı olan qadınları işə düzəltmək vədi ilə aldadaraq Türkiyəyə aparıb. Orada zərərçəkmiş şəxslərin pasportlarını əllərindən alaraq onları hədə-qorxu yolu ilə nəzarətdə saxlayıb və pul müqabilində cinsi istismara məruz qoyub. Digər təqsirləndirilən şəxs X.H. isə xarici ölkə vətəndaşları ilə əlbir olaraq qadınları internet platformaları və sosial şəbəkələr vasitəsilə fahişəliyə cəlb edib. O, bu fəaliyyətdən uzaqlaşmaq istəyən qadınları rüsvayedici görüntülərini yaymaqla hədələyib.

Araşdırmalar zamanı məlum olub ki, X.H. cinayət yolu ilə əldə etdiyi vəsaitin bir hissəsini kriptovalyuta vasitəsilə xaricdəki transmilli cinayətkar qruplaşmanın üzvlərinə göndərib. Toplanan sübutlar əsasında hər iki şəxs barəsində məhkəmə tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bu növ cinayətlərdən zərərçəkən şəxsləri idarənin 152 nömrəli qaynar xəttinə məlumat verməyə çağırıb. Müraciət edən şəxslərin anonimliyinə və təhlükəsizliyinə tam təminat verildiyi bildirilir.

Qeyd edək ki, onlardan biri sosial şəbəkələrdə “Enoor” adı ilə tanınır.

Demokrat.az
NE
Nihadə Eyyubova