Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Bir ailədən olan 11, 8, 7, 5 və 2 yaşlı beş uşaq yaşadıqları evin hamam otağında yaranan dəm qazının təsiri nəticəsində zəhərləniblər. Bir neçə gün sonra həmin uşaqlarından biri vəfat edib. Uşaqlarının atası "TikTok"da “9 uşaq atası” adlı səhifə açıb. Səhifə zəhərlənmə hadisəsindən əvvəl də mövcud olub və ata burada qəribə və qeyri-adekvat paylaşımları ilə diqqət çəkib. Zəhərlənmədən ölən son övladının meyitini açıq şəkildə paylaşaraq izləyicilərdən ekranı tıklamağı tələb etməsi də ictimaiyyət arasında tənqid obyektinə çevrilib. Hətta bu yayımları həyat yoldaşı da videoya çəkir və hadisələri rahatlıqla paylaşır.
Digər tərəfdən, türkiyəli şoumen Mehmet Əli Ərbilin anası Yurdagül Eken 91 yaşında dünyasını dəyişib. Şoumen anasının dəfninə qatılmaq yerinə evdə "TikTok"da canlı yayım açaraq izləyiciləri ilə paylaşım edib və bu hərəkəti sosial mediada geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, son günlər bir ailənin altı uşağının zəhərlənməsi xəbəri cəmiyyətdə geniş müzakirə doğurdu:
“Sosial şəbəkələrdə bəzi insanlar hadisədə uşaqların atası olan şəxsi qınadılar. Lakin bir insanın neçə övlad dünyaya gətirəcəyi onun şəxsi qərarıdır və bu qərara hörmətlə yanaşmaq lazımdır. Bəli, bu gün bəzi ailələr bir və ya iki uşaq dünyaya gətirirlər, çünki düşünürlər ki, onları gələcəkdə necə təmin edəcəklər. Sovet dövründə isə valideynlər daha çox övlad dünyaya gətirirdilər ki, gələcəkdə övlad onlara qayğı göstərsin. Bu gün vəziyyət tam əksinədir. Valideynlər övladlarına daha çox qayğı göstərir, onlara istədiklərini alır, lakin nəticədə bəzi hallarda nankorluqla üzləşirlər. Əvvəllər belə hallar nadir idi, indi isə daha tez-tez rast gəlinir. Bunun səbəblərindən biri də uşaqların motivasiya və məqsəd hissinin zəifləməsi, çox vaxt telefon və sosial şəbəkələrdə vaxt keçirmələridir. Son dönəmdə sosial şəbəkələrdə paylaşımların adiləşməsi də müşahidə olunur. İnsanlar baş verən faciələri paylaşır, digərlərinə rəy yazır, bəziləri isə bunu cəmiyyət psixologiyası kimi qəbul edərək səhv nəticələr çıxarırlar. Lakin heç kim digər insana zərər verməyə, onu öldürməyə haqqı yoxdur”.
O bildirib ki, “TikTok”da bir videoda atanın övladının ölümündən sonra izləyicilərdən canlı yayımda iştirak etmələrini xahiş etməsi, etikadan kənar və doğru olmayan davranışdır:
“Oxşar hallar əvvəllər də müşahidə olunub. Məsələn, bir xanım anasının ölümünü videoya çəkmiş və özünü qurban rolunda göstərmişdi. Bu cür davranışlar psixoloji problemlərin göstəricisi ola bilər. Digər tərəfdən, bəzi insanlar öz acılarını gizlətməyi və onu ictimaiyyətin qarşısında nümayiş etdirməməyi bacarırlar. Bu, onların qüruru və özünütənqidi ilə bağlıdır. Sosial şəbəkələrdə xəstələrini canlı yayımlarla nümayiş etdirərək pul yığan şəxslərə isə dəstək vermək düzgün deyil. Bu pulların haraya getdiyi bilinmir və nəticədə həmin insanlar başqalarının etibarından sui-istifadə edirlər. Cəmiyyət olaraq belə halları qınamalıyıq ki, gələcəkdə başqaları da bu cür davranışlardan istifadə etməsin. Dövlət isə artıq xəstə insanlara müvafiq tibbi dəstək göstərir və kifayət qədər ödənişsiz müalicə imkanları mövcuddur. Sosial şəbəkələrdə bu cür üsullarla pul yığmaq əvəzinə, insanlar müalicə üçün mövcud klinikalardan istifadə etməlidirlər. İnsanın özünə hörməti, başqalarına qarşı hörmət hissi və özünütənqid qabiliyyəti olmalıdır. Sosial şəbəkələrdə etik davranışın qorunması və məsuliyyətli paylaşım cəmiyyətin sağlamlığı üçün vacibdir”.
Leyla Turan Demokrat.az


