Siyasət Özəl

Həbsdə olan Maduro uzun müddət sonra paylaşım etdi

Həbsdə olan Maduro uzun müddət sonra paylaşım etdi

ABŞ-də həbsdə saxlanılan Nikolas Maduro uzun fasilədən sonra tərəfdarlarına ismarıc yollayıb. Venesuela liderinin sosial şəbəkə hesabında paylaşılan müraciətdə onun və həyat yoldaşı Siliya Floresin vəziyyətinin yaxşı olduğu bildirilir.

Maduro xalqdan gələn məktubların və duaların ona mənəvi güc verdiyini qeyd edib. O, həm özünün, həm də həyat yoldaşının sarsılmaz və təmkinli olduğunu vurğulayıb. Müraciətdə ölkədə milli birliyin qorunması və sülhün təmin edilməsi ilə bağlı çağırışlar da yer alıb. Venesuela rəhbəri ölkənin barışıq yolu ilə irəliləməsinin vacibliyinə diqqət çəkib.

Xatırladaq ki, Maduro və xanımı yanvarın 3-nə keçən gecə ABŞ-nin keçirdiyi hərbi əməliyyat zamanı saxlanılıb. Onlar narkoterrorizm və dövlət əmlakını mənimsəmə ittihamları ilə Nyu-Yorkda mühakimə olunurlar. Martın 26-da keçirilən sonuncu məhkəmə iclasına Maduro ayaqları qandallı və məhbus geyimində gətirilib. Vəkillərin işə xitam verilməsi ilə bağlı tələbləri hakim tərəfindən rədd edilib. Hazırda prosesin əsas müzakirə mövzusu müdafiə tərəfinin xidmət haqlarının ödənilməsinə yaradılan maneələrdir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova