Tehran və Vaşinqton arasındakı gərginlik diplomatik müstəviyə keçsə də, tərəflərin şərtləri arasındakı uçurum dərinləşməkdə davam edir. "The Wall Street Journal" (WSJ) nəşri xəbər verir ki, İran tərəfi müharibəni dayandırmaq üçün ABŞ qarşısında olduqca kəskin tələblər qoyub.
Tehranın irəli sürdüyü əsas şərtlər arasında ABŞ-ın Fars körfəzindəki bütün hərbi bazalarını bağlaması və çıxarması yer alır. Bundan əlavə, İran tərəfi hərbi əməliyyatlar nəticəsində dəyən zərərə görə kompensasiya ödənilməsini, raket proqramına toxunulmazlıq zəmanətini və bütün sanksiyaların dərhal ləğvini tələb edir. Ən diqqətçəkən məqamlardan biri isə Hörmüz boğazı ilə bağlıdır. Tehran Süveyş kanalı modelinə bənzər şəkildə, strateji boğazdan keçən gəmilərdən rüsum toplamaq hüququnun tanınmasını istəyir. Artıq bəzi ticarət gəmilərindən 2 milyon dollar civarında keçid haqqı tələb edildiyi barədə məlumatlar var.
ABŞ rəsmiləri bu tələbləri "gülünc və qeyri-real" adlandıraraq rədd ediblər. Vaşinqton isə öz növbəsində Pakistandakı vasitəçilər vasitəsilə İrana 15 bəndlik bir plan təqdim edib. Bu planda İranın nüvə obyektlərinin sökülməsi, raket proqramına məhdudiyyətlərin qoyulması və Hörmüz boğazının tam açılması kimi şərtlər yer alır.
Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, diplomatik kanallar hələ də açıqdır. MAGATA rəhbəri Rafael Qrossi tərəflər arasında ilk birbaşa danışıqların bu həftəsonu Pakistanın paytaxtı İslamabadda baş tuta biləcəyini açıqlayıb. Lakin həm Ağ Evin, həm də İranın hərbi ritorikanı davam etdirməsi bu danışıqların taleyini sual altında qoyur.
İslam Demokrat.az


