Ali Məhkəmə pensiya yaşına çatmış əlilliyi olan şəxslərlə bağlı mühüm qərar qəbul edib. Yeni müəyyən edilmiş vahid məhkəmə təcrübəsinə əsasən, əlillik dövründə yaşa görə pensiya hüququ qazanan vətəndaşların ödənişləri artıq müddətsiz təyin olunacaq. Bu addım sosial təminat sistemində vətəndaş məmnuniyyətini artırmaqla yanaşı, uzun illərdir davam edən hüquqi qeyri-müəyyənliyə son qoyur.
Əvvəllər bu kateqoriyadan olan şəxslər mütəmadi olaraq təkrar müayinələrə cəlb edilir və əlillik müddətinin uzadılması üçün bəzi çətin proseslərdən keçməli olurdular. Ali Məhkəmənin son yanaşması isə göstərir ki, şəxs artıq pensiya yaşına çatıbsa, onun əlillik dərəcəsinin yenidən yoxlanılmasına ehtiyac qalmır. Bu qayda vətəndaşların maliyyə sabitliyini qoruyur və onları əlavə sənədləşmə yükündən azad edir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, Ali Məhkəmənin müəyyən etdiyi bu vahid təcrübə, pensiya yaşına çatmış və əlilliyi olan şəxslərin hüquqlarının qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
"Bu qərara əsasən, müvafiq şəxslərin əlillik dərəcəsi artıq təkrar müayinə tələb olunmadan ömürlük müəyyən edilməlidir. Belə bir yanaşma həm vətəndaşların sosial rifahını artırır, həm də DSMF tərəfindən tətbiq olunan bürokratik maneələri aradan qaldırır. Əgər dövlət orqanları bu hüququ tanımırsa, vətəndaşlar rəsmi müraciət vasitəsilə öz haqlarını tələb etməlidirlər".
Hüquqşünas qeyd edir ki, bir çox hallarda dövlət qurumları köhnə qaydalarla hərəkət edərək vətəndaşın ödənişini dayandırır və ya məhdudlaşdırır. Lakin Ali Məhkəmənin qərarı bütün aşağı instansiya məhkəmələri üçün rəhbər tutulduğundan, vətəndaşların qələbə şansı daha yüksəkdir. Artıq hüquqi müstəvidə yol xəritəsi bəllidir və vətəndaşlar öz haqlarını məhkəmə yolu ilə asanlıqla bərpa edə bilərlər.
Vəkil bildirib ki, məhkəmə təcrübəsi artıq vətəndaşın xeyrinə formalaşdığı üçün bu cür iddiaların təmin olunma ehtimalı yüksəkdir.
"Qısacası, qanunvericiliyin bu cür tətbiqi həm ədalət prinsipini bərpa edir, həm də insanların dövlətə olan inamını gücləndirir".
Bu dəyişiklik minlərlə insanın həyat keyfiyyətinə birbaşa təsir edəcək. Xüsusilə fiziki məhdudiyyətləri olan yaşlı şəxslərin hər bir neçə ildən bir tibbi ekspertiza komissiyalarına getməsi ciddi çətinliklər yaradırdı. İndi isə qanunun bu cür humanist tətbiqi sosial ədalətin təmin olunmasında əsas mexanizmə çevrilir.
Əfsanə Kamal Demokrat.az


