Cəmiyyət Özəl

Fitrə nə vaxt verilməlidir? — AÇIQLAMA

Fitrə nə vaxt verilməlidir? — AÇIQLAMA

Ramazan ayının sonunda fitrə zəkatı vermək məsələsi İslamda böyük əhəmiyyət daşıyır və insanların düzgün niyyətlə hərəkət etməsi tövsiyə olunur. Fitrə zəkatı oruc müddətində yoxsul və ehtiyac sahibi şəxslərə yardım məqsədilə verilir və əsasən Ramazan bayramından əvvəl, yəni orucun bitməsinə yaxın təqdim olunmalıdır. İslam qaydalarına görə, fitrə zəkatı həm pul, həm də ərzaq şəklində verilə bilər, lakin həmişə ehtiyac sahiblərinə çatması vacibdir.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, islam dininə görə bütün əməllərimiz, işlərimiz, ibadətlərimiz və həyatımızın digər fəaliyyətləri niyyətlə edilir və həmin niyyətə görə insana savab yazılır.

"Bu baxımdan, Ramazan ayının sonunda fitrə zəkatı vermək sadəcə pulun çıxması deyil, eyni zamanda ehtiyacı olan insana ərzaq yardımı etməkdir ki, Allah səndən razı olsun. Məqsəd budur ki, bütün müsəlmanlar Ramazan bayramını evində, ailəsi ilə birlikdə süfrə arxasında qeyd edə bilsinlər. Fitrə zəkatı Ramazanın ruhunu tamamlayan ibadətdir. İnsan bəzən bunu adi yardım kimi görür, amma əslində bu, orucun qəbuluna bağlı mühüm bir əməl hesab olunur. Məhəmməd peyğəmbər (s.ə.s) buyurur ki, fitrə zəkatı oruc tutanı boş və yersiz sözlərdən təmizləyir və yoxsullar üçün ruzidir. Bu hədis göstərir ki, insan Ramazan boyunca diqqətli olsa da, bilmədən səhvlər edə bilər və fitrə zəkatı bu mənəvi boşluqları dolduran ibadətdir".

İlahiyyatçı bildirib ki, Quranda birbaşa fitrə zəkatı adı çəkilməsə də, zəkat və infaq haqqında ümumi prinsiplər bu ibadətin mahiyyətini izah edir.

"“Onların mallarından sədəqə al ki, bununla onları təmizləyəsən və pak edəsən” (Tövbə, 103) ayəsi göstərir ki, maddi ehtiyacı olana pay vermək insanın daxili təmizlənməsi ilə bağlıdır. Bu, həm sosial, həm də mənəvi bir prosesdir. İslam alimləri, xüsusilə İmam Əbu Hənifə və digər fiqh alimləri fitrə zəkatının vacibliyini açıq şəkildə qeyd ediblər. Onların fikrincə, fitrə zəkatı hər imkanlı müsəlmana vacibdir və fərd təkcə öz adına deyil, ailəsinin üzvləri üçün də bu məsuliyyəti daşıyır. Fitrə zəkatının vaxtı bayram namazından əvvəl olmalıdır. Peyğəmbər (s.ə.s) bunu xüsusi vurğulayıb. Bayram namazından sonra verilərsə, artıq fitrə yox, adi sədəqə sayılır. Lakin alimlər bildirirlər ki, fitrə Ramazanın son günlərində, hətta bir neçə gün əvvəl də verilə bilər ki, ehtiyac sahibləri bayrama hazırlaşa bilsin. Bu həm dini, həm də sosial baxımdan doğrudur".

Onun sözlərinə görə, formasına gəlincə, əvvəlki dövrlərdə fitrə əsasən ərzaq şəklində, buğda, arpa, xurma kimi qidalardan verilirdi.

""Müasir dövrdə isə bir çox alimlər, xüsusilə Hənəfi məzhəbində, pul şəklində verilməsini daha məqsədəuyğun hesab edir. Çünki bu gün ehtiyacları qarşılamaq üçün pul daha effektiv vasitədir. Məqsəd formadan üstün olaraq ehtiyacı aradan qaldırmaqdır. Sosial tədqiqatlar da göstərir ki, nağd yardım insanların real ehtiyaclarını daha yaxşı təmin edir. Fitrə zəkatı verilərkən ən çox edilən səhvlərdən biri onun gecikdirilməsidir. İnsanlar bəzən son ana saxlayır və nəticədə ehtiyac sahibi bayrama çətin vəziyyətdə girir. Digər səhv isə məbləğin düzgün hesablanmamasıdır. Bəzən çox aşağı məbləğ verilir və fitrə yalnız formal öhdəlik kimi yerinə yetirilir. Alimlər isə deyirlər ki, insan öz yaşayış səviyyəsinə uyğun verməlidir? minimum hədd olsa da, imkan varsa daha çox vermək savablıdır. Niyyət məsələsi də vacibdir. Fitrə verilərkən niyyət edilməlidir. Bu, sadəcə pul vermək deyil, ibadət etməkdir. Niyyət olmadan əməl sadəcə yardım olaraq qalır. Eyni zamanda fitrə yalnız həqiqi ehtiyac sahiblərinə verilməlidir. Quranın zəkatla bağlı ayələrində (Tövbə, 60) açıq şəkildə kimlərin yardıma layiq olduğu göstərilir".

İlahiyyatçı bildirib ki, bəzi insanlar fitrə zəkatını vacib saymır və ya verməsə də olar hesab edir.

"Halbuki klassik alimlərin böyük əksəriyyəti bunu vacib əməl hesab edib. Fitrə zəkatı Ramazanın ayrılmaz hissəsidir. Bu ibadətin mahiyyəti cəmiyyətdə sosial balans yaradır. Sadəcə kasıba yardım deyil, varlı ilə kasıb arasında körpü rolunu oynayır. Müasir sosioloqlar da vurğulayır ki, sosial ədalətin qorunması üçün bu cür mexanizmlər çox vacibdir. Beləliklə, fitrə zəkatı Ramazanın son nöqtəsi deyil, mənəvi zirvəsidir. İnsan bu ibadətlə həm özünü təmizləyir, həm də başqasının sevincinə səbəb olur. Ona görə də fitrə zəkatını vaxtında, düzgün niyyətlə və həqiqi ehtiyac sahibinə vermək lazımdır ki, bu əməl həm öhdəlik, həm də həqiqi ibadətə çevrilsin".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova