İranın yeni ali rəhbəri Ayetullah Seyid Müctəba Xameneyi vəzifəsinə başladıqdan sonra ölkə əhalisinə ilk rəsmi müraciətini edib.
Demokrat.az-ın məlumatına görəMüctəba Xameneyi çıxışına atasının şəhid olması münasibətilə başsağlığı verərək başlayıb. O, Ekspertlər Şurasının qərarından televiziya vasitəsilə xəbər tutduğunu bildirib. Yeni rəhbər Ayetullah Əli Xameneyi və İmam Xomeyni kimi şəxsiyyətlərin yerini doldurmağın çətin məsuliyyət olduğunu vurğulayıb. O, bu çətinliyin öhdəsindən yalnız xalqın dəstəyi ilə gələ biləcəyini qeyd edib.
Müraciətdə hərbi məsələlər xüsusi yer tutub. Müctəba Xameneyi hərbçilərə təşəkkür edərək Hömüz boğazının qapadılması vasitələrindən istifadənin davam etdirilməsini istəyib. O, düşmənin zəif olduğu yeni cəbhələrin açılması istiqamətində işlərin aparıldığını və lazım gəldikdə bu planların işə düşəcəyini diqqətə çatdırıb.
Yeni rəhbər qonşu dövlətlərlə mehriban münasibətlərin tərəfdarı olduğunu desə də, ərazisində xarici hərbi bazalar saxlayan ölkələrə xəbərdarlıq edib. O, son hücumlar zamanı həmin bazalardan istifadə edildiyini və İranın yalnız həmin hərbi nöqtələri hədəf aldığını xatırladıb. Müctəba Xameneyi qonşu ölkələri Amerika bazalarını bağlamağa çağırıb.
Çıxışda son müharibə və hücumlar zamanı zərər çəkən vətəndaşlara yardımların göstəriləcəyi bildirilib. Yaralıların müalicəsinin tam ödənişsiz həyata keçirilməsi və maddi zərərlərin kompensasiya edilməsi tapşırılıb. Həmçinin düşmənin mülki hədəflərə, xüsusən məktəblərə hücumunun intiqamının alınacağı vurğulanıb.
İslam Demokrat.az


