İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı ilə bağlı növbəti dəfə sərt xəbərdarlıq yayıb. Donanma komandanı Alireza Tengsiri bəyan edib ki, İrana hücum edənlərlə əlaqəsi olan heç bir gəminin bu su yolundan keçmək hüququ yoxdur. O, qərarın ciddiliyinə şübhə edənləri boğaza yaxınlaşaraq özlərini sınamağa çağırıb.
Demokrat.az-ın məlumatına görəABŞ Prezidenti Donald Tramp isə Tehranın neft axınına mane olacağı təqdirdə hərbi cavabın daha ağır olacağını bildirib. Trampın sözlərinə görə, boğazda gediş-gəliş dayandırılarsa, ABŞ İrana əvvəlkindən 20 qat daha güclü zərbə endirəcək. O, hədəf olaraq asanlıqla məhv edilə bilən strateji obyektlərin seçiləcəyini və bunun ölkənin yenidən bərpasını qeyri-mümkün edəcəyini vurğulayıb.
İran tərəfi bu hədələrə raket arsenalı ilə cavab verib. Hava Qüvvələri komandanı Hüseyn Məcid Musevi müharibənin yeni mərhələyə keçdiyini və artıq çəkisi bir tondan az olan döyüş başlığına malik raketlərdən istifadə etməyəcəklərini açıqlayıb. Bu, hücumların dağıdıcılıq miqyasının kəskin artacağı anlamını verir.
Hazırda regionda hərbi hərəkətlilik ən yüksək səviyyədədir. ABŞ donanması Körfəz bölgəsindəki qüvvələrini artırarkən, İran da boğaz ətrafındakı bölmələrini tam döyüş hazırlığına gətirib. Dünya neft tədarükünün beşdə birinin keçdiyi bu strateji nöqtədə tankerlərin hərəkəti təhlükəsizlik səbəbindən vaxtaşırı dayanır. İqtisadçılar boğazın tamamilə bağlanmasının qlobal enerji bazarında kəskin qiymət artımına səbəb olacağını proqnozlaşdırırlar.
Savaşın 11-ci günündə tərəflər arasında ritorika sərtləşsə də, hər iki tərəf hələlik strateji gözləmə mövqeyindədir.
İslam Demokrat.az


