ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki hərbi gərginliyin böyük ölçüdə başa çatdığını elan etsə də, İranın hədəf alınması ilə bağlı verdiyi qərarın pərdəarxası məqamlarını bölüşüb. Ağ Ev rəhbəri keçirdiyi mətbuat konfransında hərbi əməliyyatlara başlamasına səbəb kimi yaxın ətrafından aldığı kəşfiyyat məlumatlarını göstərib.
Demokrat.az-ın məlumatına görə Tramp xüsusilə kürəkəni Cared Kuşner, Müdafiə naziri Pit Heqset və Dövlət katibi Marko Rubionun adlarını çəkərək, hücum qərarının onların təqdim etdiyi hesabatlara əsaslandığını bildirib.
"Stiv, Cared, Pit və Marko kimi şəxslərin mənə ötürdüyü məlumatlara dayanaraq İranın bizə hücum edəcəyini düşündüm. İnanıram ki, əgər biz həmin an bu addımı atmasaydıq, onlar bizə qarşı hücum planlaşdırırdılar" deyən Tramp, bir növ müharibənin siyasi faturasını məsləhətçilərinə kəsib. Bu açıqlama Vaşinqtonda geniş əks-səda doğurub və prezidentin məsuliyyəti komanda üzvləri ilə bölüşmək cəhdi kimi şərh edilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində bölgədə vəziyyət kəskinləşmişdi. İran tərəfi bu hücumlara İsrail və ABŞ-ın Qətər, BƏƏ, Bəhreyn kimi ölkələrdəki bazalarını hədəf almaqla cavab vermişdi. Rəsmi Tehranın məlumatına görə, toqquşmalarda 1332 nəfər həyatını itirib. Ölənlər arasında İranın ali rəhbəri Əli Xameneyi və bir çox yüksək rütbəli rəsmi şəxs də var. Artıq İranın Ekspertlər Şurası Əli Xameneyinin yerinə oğlu Müctəba Xameneyinin səs çoxluğu ilə yeni lider seçildiyini elan edib.
Hazırda Hörmüz boğazında tankerlərin hərəkəti və hərbi aktivlik davam etsə də, Trampın son bəyanatları gərginliyin azalacağına dair ümidlər yaradıb. Bununla belə, qlobal bazarlarda qeyri-müəyyənlik hələ də qalmaqdadır. Beynəlxalq analitiklər Trampın öz komandasını hədəf göstərməsinin yaxın gələcəkdə administrasiya daxilində ciddi istefalara və ya yerdəyişmələrə səbəb olacağını ehtimal edirlər.
İslam Demokrat.az


