ABŞ prezidenti Donald Tramp İranda qız məktəbinə endirilən zərbə ilə bağlı məsuliyyəti İranın üzərinə atıb. O, hadisə ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən belə fikir səsləndirib.
Demokrat.az-ın məlumatına görə Tramp bildirib ki, gördüyü məlumatlara əsasən hücumu İran həyata keçirib. “Gördüklərimə əsasən deyə bilərəm ki, bunu İran edib”, deyə o qeyd edib. ABŞ prezidenti əlavə edib ki, İran silahlarının dəqiqliyi çox zəifdir və zərbələrin hədəfi tez-tez səhv düşür.
Hadisə fevralın 28-də İranın cənubundakı Minab şəhərində yerləşən qız ibtidai məktəbinə endirilən zərbə zamanı baş verib. İran rəsmilərinin məlumatına görə, hücum nəticəsində onlarla uşaq və müəllim daxil olmaqla 160-dan çox insan həlak olub.
ABŞ müdafiə naziri Pit Heqset isə məsələ ilə bağlı araşdırmanın davam etdiyini bildirib. Onun sözlərinə görə, hücumun kim tərəfindən həyata keçirildiyi hələ tam müəyyənləşdirilməyib.
BMT də hadisə ilə bağlı müstəqil araşdırma aparılmasına çağırıb. Təşkilat zərbənin mülki obyektə endirilməsi ehtimalının narahatlıq doğurduğunu açıqlayıb.
İsmayıl Demokrat.az


