Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılacaq. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb. İlkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.
Hərbi ekspert Heydər Mirzə mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, qısamüddətli müqavilə mexanizminin tətbiqi ilk növbədə şəxsi heyətin planlaşdırılması və insan resurslarının daha səmərəli idarə olunması ilə bağlıdır?
“Bu addımı risk kimi qiymətləndirmək düzgün olmaz, lakin onun müəyyən sosial-iqtisadi təsirləri ola bilər. Əsas üstünlük ondan ibarətdir ki, qısamüddətli müqavilələr kadr heyətinin daha çevik formalaşdırılmasına, ehtiyaclara uyğun operativ dəyişikliklərin aparılmasına imkan yaradır. Bu yanaşma xüsusilə struktur çevikliyinin artırılması baxımından əhəmiyyətlidir. Müasir dövrdə təhlükəsizlik mühiti və hərbi çağırışlar sürətlə dəyişdiyi üçün şəxsi heyətin tərkibinin dinamik şəkildə tənzimlənməsi vacib hesab olunur”.
O bildirib ki, qadınların hərbi xidmətə cəlb olunmasına gəldikdə isə, mütəxəssislər daha çox onların adaptasiya çevikliyini ön plana çəkirlər:
“Qadınların xidmət şəraitinə uyğunlaşma prosesi bir çox hallarda daha sistemli və intizamlı şəkildə gedir ki, bu da ümumi effektivliyə müsbət təsir göstərə bilər. Qısamüddətli müqavilə modeli təkcə Silahlı Qüvvələr üçün xarakterik deyil. Bu, ümumilikdə insan resurslarının idarə olunmasında müşahidə olunan müasir tendensiyadır. Bir çox sahələrdə çevik məşğulluq modellərinə keçid idarəetmənin optimallaşdırılması və resursların daha rasional bölüşdürülməsi məqsədi daşıyır”.
Leyla Turan Demokrat.az


