Cəmiyyət Özəl

Azərbaycanda üzərlik qadağan edilə bilər? — AÇIQLAMA

Azərbaycanda üzərlik qadağan edilə bilər? — AÇIQLAMA

Üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur. Bu, Səhiyyə Nazirliyinin yaydığı məlumatda öz əksini tapıb. Bildirilib ki, bu maddələr elmi ədəbiyyatda "harmala alkaloidləri" və ya "beta-karbolin alkaloidləri" adlanır. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir. Harmin və harmalin monoaminoksidaz inhibitorları (MAOİ) qrupuna aiddir. Bu maddələr beynin müəyyən funksiyalarına təsir edərək sinir impulslarının ötürülməsini dəyişdirir. Onlar orqanizmdə serotonin, dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını ləngidir, nəticədə bu maddələrin sinir sistemindəki konsentrasiyası artır.

Azərbaycanda üzərlik bitkisinin yandırılması (tüstülənməsi) qədim ənənə kimi qəbul olunur və bu konkret formada istifadə ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər.

Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, üzərlik bitkisinin müsbət və mənfi cəhətləri var:

“Üzərlik ilk növbədə antibakterial xüsusiyyətə malik bitkidir. Onun tüstüsünün havadakı bəzi mikroorqanizmlərə qarşı təsir göstərdiyi bildirilir. Bundan əlavə, sakitləşdirici təsiri də qeyd olunur. Revmatizm xəstəliyi olan insanlar üçün müəyyən hallarda faydalı hesab edilir. Lakin antidepressant qəbul edən şəxslərə, psixoloji müalicə alanlara, hamilə və süd verən qadınlara üzərliyin tüstüsü mənfi təsir göstərə bilər. Üzərlik bəzi problemlərə səbəb ola bilər. Məsələn, arterial təzyiqin düşməsi, ürəkbulanma, qusma, hətta qapalı məkanda həddindən artıq yandırıldıqda zəhərlənməyə gətirib çıxara bilər. Xüsusilə astma xəstələrinə və uşaqlara üzərlik tüstüsündən uzaq durmaq tövsiyə olunur. Xalq arasında yüksək qiymətləndirilsə də, elmi baxımdan onun təsirləri həm müsbət, həm də mənfi cəhətləri nəzərə alınaraq tam şəkildə təsnifləndirilməmişdir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova