“Azərbaycan Prezidenti sülh naminə aparılan müharibə nəticəsində ölkəmizə böyük və tarixi bir qələbə qazandırıb. Son beş il ərzində Azərbaycan bu qələbəni təkcə regional səviyyədə deyil, beynəlxalq miqyasda da qəbul etdirməyi bacarıb. Bu proses özlüyündə müasir tariximiz üçün ayrıca mərhələ və mühüm siyasi hadisədir. Təsadüfi deyil ki, cəmi bir gün əvvəl Vaşinqtonda keçirilən Sülh Şurasının iclasında Azərbaycanın əldə etdiyi bu tarixi nailiyyət Donald Trampın təşəbbüsü ilə yaradılmış sülh platformasının əsas nümunəvi modelinə çevrildi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycanın Ermənistanla formalaşdırdığı postmünaqişə reallığı dünyaya ədalətli və davamlı sülh modeli kimi təqdim olundu:
“Məhz bu səbəbdən iki ölkə liderinin Sülh Şurasının iclası çərçivəsində əl sıxaraq görüşməsi ABŞ tərəfinin bu sülhü uzunmüddətli və etibarlı model kimi beynəlxalq arenada brendləşdirmək istəyindən irəli gəlirdi. Lakin açıq şəkildə görünür ki, Azərbaycanın bu tarixi zəfərini qəbul edə bilməyən qüvvələr də mövcuddur. Bu qüvvələr əsasən erməni lobbisi və onun ətrafında birləşmiş radikal dairələrdir. ABŞ-da fəaliyyət göstərən bəzi antimilli ünsürlərin, sifarişli şəkildə hərəkət edərək anarxist və təxribat xarakterli aksiyalar keçirməyə cəhd göstərməsi də məhz bu çərçivədə dəyərləndirilməlidir. Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, bu şəxslər arasında özlərini azərbaycanlı kimi təqdim edən, lakin faktiki olaraq erməni maraqlarına xidmət edən fiqurlar da yer alıb. Bu cür davranışlar həmin şəxslərin erməni lobbisi ilə eyni cərgədə dayandıqlarını açıq şəkildə nümayiş etdirir. Bu məqam ayrıca və xüsusi şərh tələb edir. Çünki Azərbaycanın əldə etdiyi tarixi qələbə hər hansı siyasi qrupun deyil, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Bu zəfər hər bir azərbaycanlının milli qürur mənbəyidir. Belə olan halda, bu qələbəyə qarşı yönəlmiş istənilən fəaliyyət dolayısı ilə Azərbaycan xalqına qarşı mövqe tutmaq anlamına gəlir. Təsadüfi deyil ki, bu cür qeyri-əxlaqi və aqressiv davranışlara açıq dəstək də məhz erməni təşkilatları tərəfindən verildi. Ardınca isə uzun illərdir Azərbaycana düşmən mövqeyi ilə tanınan Frenk Pallonenin bu prosesə qoşulması hadisələrin anatomiyasını tam şəkildə ortaya qoydu”.
O deyib ki, Vaşinqtonda təşkil olunan bu ekstremist və təxribat xarakterli hərəkətlərin hansı dairələr tərəfindən yönləndirildiyi aydın şəkildə görünmüş oldu:
“Tarix göstərir ki, bir vaxtlar Azərbaycana qarşı ən radikal mövqedən çıxış edən şəxslər - senator Bob Menendez nümunəsində olduğu kimi gec-tez Amerika qanunları qarşısında cavab verməli olurlar. Bu, qaçılmaz bir prosesdir. Bu gün isə Azərbaycan daha geniş baxış bucağı ilə, daha böyük gələcək hədəfləri naminə qətiyyətli addımlar atmaqdadır. Hazırda ABŞ-Azərbaycan münasibətləri ən yüksək səviyyəyə çatıb. Konqresdə 907-ci düzəlişin müzakirəyə çıxarılması və ləğvi məsələsinin də həllini tapacağı gözlənilir. Lakin hər dəfə Azərbaycanın milli maraqları gündəmə gələndə yenə eyni simaların Pallone kimi fiqurların bu prosesə qarşı çıxış etdiyini görürük. Bütün bu faktlar Azərbaycan cəmiyyətinə bir daha aydın şəkildə göstərir ki, Vaşinqtonda baş verən bu təxribatçı hərəkətlərin arxasında kimlər dayanır, məqsədləri nədir və kimə xidmət edirlər. Həm Amerika qanunlarının, həm də Azərbaycanın hüquqi və mənəvi dəyərlərinin tələb etdiyi kimi, Vaşinqtonda qeyri-etik davranışlar sərgiləyən ideoloji və mənəvi terrorçular açıq şəkildə Azərbaycan xalqından üzr istəməlidirlər. Onlar sosial şəbəkələr üzərindən bu davranışlara görə peşman olduqlarını bəyan etməli və bir daha bu cür addımlara yol verməyəcəklərini açıqlamalıdırlar. Çünki nəticə etibarilə, söhbət təkcə dövlət maraqlarından deyil, eyni zamanda onların öz gələcəyindən və mövqeyindən də gedir. Əgər bu şəxslər həqiqətən özlərini azərbaycanlı hesab edirlərsə, bu torpağın övladı olduqlarını iddia edirlərsə, Azərbaycan xalqına qarşı hörmətsizlik yaradan hərəkətlərinə görə üzr istəmək onların həm mənəvi, həm də vətəndaşlıq borcudur”.
Xatırladaq ki, fevralın 19-da xaricdə yaşayan bir neçə antimilli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib. Onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdirib və təxribat cəhdinin qarşısını alıblar.
Leyla Turan Demokrat.az


