Siyasət Özəl

Sarsılmaz iradəyə qarşı mənəviyyatsız hücumlar və arxasında duran səbəblər...

Sarsılmaz iradəyə qarşı mənəviyyatsız hücumlar və arxasında duran səbəblər...

Müasir dövrün siyasi xəritəsində dövlətlərin taleyi artıq təkcə sərhədlərdəki hərbi güclə deyil, həm də informasiya məkanındakı mənəvi dözümlülüklə müəyyən olunur. Azərbaycanın son illərdə nümayiş etdirdiyi suveren iradə və regionun strateji taleyini təkbaşına müəyyən etməsi, görünür, bəzi qlobal güclərin "geopolitik yaddaşında" ciddi sarsıntılar yaradıb.

Bakının Avropanın enerji təhlükəsizliyində oynadığı əvəzolunmaz rol, qitələri birləşdirən "Orta Dəhliz" layihəsindəki mərkəzi mövqeyi və Vaşinqtonla qurulan bərabərhüquqlu dialoq, ənənəvi təzyiq rıçaqlarına öyrəşmiş mərkəzləri aciz qoyub. Məhz bu acizlikdən doğan qəzəb indi özünü klassik müharibə meydanlarında deyil, ən çirkin və mənəviyyatsız üsullarda, dövlət rəhbərinin ailə institutuna qarşı yönəlmiş sistemli hücumlarda büruzə verir.

Bu gün şahidi olduğumuz proses təkcə mənəviyyat böhranı deyil, xarici xüsusi xidmət orqanlarının laboratoriyalarında hazırlanmış "informasiya sui-qəsdi"dir. Uzun illər bölgəni "moderator" qismində idarə etməyə alışmış, lakin Azərbaycanın İrəvanla birbaşa, vasitəçisiz təmasları nəticəsində oyunun kənarında qalan şimal mərkəzləri, paslanmış təzyiq alətlərini "kompromat" ssenariləri ilə əvəzləyiblər. Burada ən düşündürücü məqam isə icraçıların simasızlığıdır.

İllərlə Qərb dəyərlərindən dəm vuran Mehman və Emin Hüseynov kimi fiqurların birdən-birə şimalın ən qaranlıq sifarişlərini yerinə yetirməsi, bu hibrid müharibənin nə qədər prinsipsiz və hiyləgər bir müstəviyə keçdiyini göstərir. Azərbaycan dövləti Ruben Vardanyan kimi cinayətkarları qanun qarşısında diz çöktürməklə, Mehdiyev, Kərimli kimi daxildəki xəyanət şəbəkələrini iflasa uğratmaqla özünün yeni dövr mənsubiyyətini artıq elan edib: bu dövlət kənar diktələri qəbul etmir.

Heç şubhəsiz ki, baş verənlərdə erməni şovinist dairələrinin də ciddi rolu var. 44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycana qarşı qarayaxma kampaniyası aparan erməni şovinistlərinin bu dəfə daxildəki satqınlardan istifadə edərək törətdiyi təxribatlar bunun bariz nümunəsidir. ANCA təşkilatının bu ləyaqətsiz təxribata reaksiyası, bədnam "907-ci düzəlişin" müəllifi Frenk Pallonenin hərəkətlənməsi də bu xüsusda təsadüfi deyil.

Siyasi masada məğlub olanların fərdi müstəviyə keçərək ailə dəyərlərini hədəf alması onların mənəvi iflasının ən bariz sübutudur. Lakin unudurlar ki, Azərbaycan xalqı üçün ailə müqəddəsdir və bu cür iyrənc kampaniyalar cəmiyyəti sarsıtmaq əvəzinə, onu öz lideri ətrafında daha sıx və polad bir iradə ilə birləşdirir.

Bu mənəvi savaşın nəticəsi dəyişməzdir: hər bir iftira Azərbaycanın müstəqil yolundakı qətiyyətini daha da artırır.

Azər Niftiyev

NE
Nihadə Eyyubova