Restoranlarda Ramazan ayına özəl hazırlıqlar başlanılıb. İftar süfrəsi üçün menyular yenilənib. Ənənəvi menyular daha da zənginləşdirilib. Orucluq hələ başlamasa da artıq rezervasiya edənlər az deyil. Menyu qiymətlərində ötən illə müqayisədə 10 faiz artım var. Restoran sahiblərinin sözlərinə görə, iftar menyuları 30 manatdan 80-90 manata kimi dəyişir: Bəzi restoranlarda isə Ramazan ayına özəl kompaniyalar var. Həmin restoranlarda isə 5 nəfərlik menyu 89 manat, 10 nəfərlik menyu isə 179 manatdır.
Bu barədə iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib. O deyib ki, restoranlar və kafelər qiymətlərini sərbəst müəyyən edən müəssisələrdir:
“Adətən müştəri sayı artdıqda və ya tələbat yüksəldikdə qiymətlər də qalxır. Hazırkı qiymət artımının bir neçə əsas səbəbi var. Əvvəlcə, ərzaq məhsullarının bazarda qiymətləri yüksəlib. Bundan başqa, dizel yanacağının qiymətinin 10 % artması səbəbindən məhsulların gətirilməsi və ümumi logistika xərcləri də artıb. İşçi heyətinin maaş gözləntiləri də qiymət artımına təsir edən amillərdən biridir, çünki həyat bahalaşıb və işçilər də əlavə ödəniş tələb edirlər. Qiymətlər sərbəst müəyyənləşdirildiyi üçün əsas söz sahibi müştərilərdir. Əgər təklif olunan qiymətlərlə razı deyillərsə, insanlar seçim imkanlarından istifadə edərək həmin məkanlara getməyə bilər. Nəticədə, qiymətlərin dəyişməsi əsasən fərdlərin öz davranış və seçimlərinə bağlıdır”. Qeyd edək ki, Ramazan ayı 18 fevral axşamdan başlayacaq. İlk oruc günü fevralın 19-na təsadüf edəcək.
Leyla Turan Demokrat.az


