Avto Özəl

Bu maşınlar bahalaşacaq — AÇIQLAMA

Bu maşınlar bahalaşacaq — AÇIQLAMA

Gürcüstanın daxili bazarını qorumaq və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə hazırladığı yeni qanun layihəsi Azərbaycandakı avtomobil həvəskarları, xüsusilə də Amerika hərraclarından gətirilən maşınlara üstünlük verənlər arasında narahatlıq yaradıb. Yeni qaydalara əsasən, istehsal ili 6 ildən çox olan nəqliyyat vasitələrinin ölkəyə girişi qadağan edilə bilər ki, bu da praktik olaraq 2020-ci ildən əvvəl istehsal olunmuş avtomobillərin Gürcüstan üzərindən gətirilməsinin sual altına düşməsi deməkdir. Azərbaycana idxal edilən "amerikanka"ların əsas tranzit marşrutunun məhz qonşu ölkədən keçdiyini nəzərə alsaq, bu dəyişikliyin yerli bazarda qiymət artımına rəvac verəcəyi və ucuz avtomobil tapmağın daha da çətinləşəcəyi barədə ehtimallar yaradıb. Mövcud vəziyyətin fonunda tranzit daşımaların taleyi və daxili bazara mümkün təsirləri ilə bağlı iqtisadçı bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a bildirib ki, qanun və qaydalar dəyişdirilərsə, bu, tranzit avtomobillərə aid olmayacaq:

"Yəni Azərbaycanda artıq müəyyən məhdudiyyətlər mövcuddur və bizdə də müəyyən ildən sonra ölkəyə avtomobil gətirilməsinə məhdudiyyət qoyulub. Bunun müəyyən təsirləri ola bilər, amma ciddi təsir olacağını düşünmürəm. Çünki Gürcüstan tranzit ölkə kimi bu qaydaları həmin avtomobillərə tətbiq etməyəcək. Qaydalar yalnız Gürcüstan ərazisinə gətirilərək saxlanılan avtomobillərə şamil olunacaq.

O deyib ki, bunun avtomobil bazarına müəyyən mənfi təsiri ola bilər:

"Onsuz da bu il avtomobil bazarında müəyyən sabitləşmə gözlənilir. Çünki hökumət bu ildən bir sıra güzəştləri ləğv edib. Xüsusilə hibrid və elektrik avtomobillərinə tətbiq olunan güzəştlər aradan qaldırılıb. Buna görə də bazarda müəyyən sabitlik yaranacaq. Amma bu proses təkcə Gürcüstanın verəcəyi qərardan asılı deyil. Hətta demək olar ki, bazara təsirin çox az hissəsi Gürcüstanın qərarı ilə bağlıdır".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova