Kriminal Özəl

Ögey oğlunu döydü — Xətrimə dəydi, yumruqladım

Ögey oğlunu döydü — Xətrimə dəydi, yumruqladım

Sumqayıt şəhərində 1980-cı il təvəllüdlü İntiqam ögey oğlu Alimə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonda baş verib. İntiqam 71 saylı binanın həyətində şəxsi münasibətlərin pozulması zəminində aralarında baş verən mübahisə zamanı övladlığı Alimin sifətinin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə bir neçə dəfə vurub.

Hadisəni törədən İntiqamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Alim onun ögey oğludur: “Alim ikinci həyat yoldaşım Fəridənin oğludur. Mən Fəridə ilə 8 il olar ki, rəsmi qaydada ailə qurmuşam. Biz ailə quran zaman Alimin 9 yaşı olub. Onu mən böyüdüb boya-başa çatdırmışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin yanvar ayından onlar Fəridə ilə faktiki ayrılıblar: “Lakin, əlaqələrimiz davam etdi. Fəridə həm mənim yanımda, həm də Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən evlərində oğlanlarının yanında qalın. Hadisə günü axşam öz evimdə spirtli içki qəbul etdim. Gecə saat 1 radələrində Fəridənin olduğu evə getdim. Fəridəgilin mənzillərinin qapısını nə qədər döysəm də, heç kim açmadı. Daha sonra həyətə düşərək binanın qarşısında səkidə oturdum. Bu zaman oğulluğum Alim gəldi və üstümə qışqıraraq nə üçün gəldiyimi soruşdu. Alimin üstümə qışqırması mənə toxundu və özünü yığışdırması üçün ata kimi ona bir şillə vurdum. Lakin, Alim özünə gəlmək əvəzinə mənə nalayiq ifadələr işlətdi və əlləri ilə bədənimi qucaqladı. Alimin tərbiyəsiz davranışı məni özümdən çıxartdı və əsəbləşərək onun sifət nahiyəsinə yumruqla bir neçə zərbə vurdum. Sonda əsəbim soyudu və oradan getdim”.

Zərərçəkmiş Alimin sözlərinə görə, anası Fəridə ilə İntiqam 10 ildən artıq rəsmi qaydada birlikdə yaşayıblar: “2025-ci ilin yanvar ayından onların xasiyyətləri uyğun gəlmədiyi və ögey atamın spirtli içkiyə meyilli olması səbəbindən faktiki ayrıldılar. Daha sonra onlar rəsmi qaydada boşandılar. Hazırda anam və qardam ilə ayrı yaşayırıq. Atalığım isə başqa yerdə qalır”.

Zərərçəkmiş deyib ki, məlum hadisə günü gecə saatlarında işdən çıxaraq marketin ətrafında olan zaman anası ona zəng vurub və atalığı İntiqamın sərxoş halda onlara gəldiyini bildirib: “Anam İntiqamın problem yaratmasından qorxduğu üçün mənə zəng vurdu. Mən də dərhal yaşadığımız binanın həyətinə gəldim. Binanın qarşısında atalığı m İntiqamı səkinin üzərində oturan gördüm. Onun üstünə acıqlanaraq nə üçün gəldiyini soruşdum. O, isə cavabında əcəb etdiyini bildirdi. Buna görə aramızda mübahisə baş verdi. Həmin vaxt atalığım yumruq zərbələri ilə sifətimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarətlər yetirdi. İntiqam tərəfindən burun nahiyəmə dəyən zərbələr nəticəsində burnumdan qan açıldı”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətçi olmadığını deyib. Bu səbəbdən də təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova