Xarici siyasət Özəl

Qarabağ reallığı və Ağ Evin yeni planı: Azərbaycanın mövqeləri Vaşinqtonda güclənir — ŞƏRH

Qarabağ reallığı və Ağ Evin yeni planı: Azərbaycanın mövqeləri Vaşinqtonda güclənir — ŞƏRH

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər yeni müstəviyə qədəm qoyub. Bakıda keçirilən rəsmi mərasimdə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb. Tarixi sənədə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens imza atıblar. Bu addım iki ölkə arasındakı əlaqələrin gələcək onilliklər üçün yol xəritəsini müəyyən edən strateji dönüş nöqtəsi hesab olunur.

Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, ABŞ ilə Azərbaycan arasında münasibətlər artıq uzun müddətdir strateji səviyyəyə yaxınlaşmaqdadır:

“Faktiki olaraq, ABŞ-nin Qarabağ münaqişəsi ilə bağlı mövqeyində müəyyən dəyişikliklər müşahidə olunur. Vaxtilə daha çox vasitəçi və ya neytral xətt tutmağa çalışan ABŞ indi proseslərə daha ehtiyatlı və balanslı yanaşmağa çalışır. Bu da regionda yaranmış yeni reallıqlarla bağlıdır. ABŞ-nin Qarabağ məsələsində açıq şəkildə bir tərəfi müdafiə etməməsi Azərbaycan rəhbərliyi tərəfindən müsbət qarşılanır. ABŞ-nin müxtəlif rəsmi sənədlərində və bəyanatlarında Azərbaycanın maraqlarına uyğun məqamların yer alması bunu deməyə əsas verir. Xüsusilə Tramp administrasiyası dövründə Azərbaycan ABŞ üçün enerji təhlükəsizliyi və regional sabitlik baxımından əhəmiyyətli tərəfdaş kimi dəyərləndirilirdi. Hazırda ABŞ-da Azərbaycanın mövqeləri müəyyən qədər güclənib. Baxmayaraq ki, Konqresdə erməni və bəzi dini lobbilərin təsiri hələ də qalmaqdadır, ümumi siyasi xəttdə balanslı yanaşma hiss olunur. Tarixi proseslərə baxsaq, müəyyən mərhələlərdə münasibətlərin dondurulduğunu görürük, lakin son illər bu xəttin dəyişdiyi açıq şəkildə görünür”.

O bildirib ki, xüsusilə diqqət çəkən məqamlardan biri ABŞ-Azərbaycan əməkdaşlığının artıq texnoloji və iqtisadi sahələrə yönəlməsidir:

“Süni intellekt, data mərkəzləri və rəqəmsal texnologiyalarla bağlı layihələrin Azərbaycanda həyata keçirilməsi gündəmə gəlir. Bu cür layihələr ölkənin elmi potensialının və yeni sənaye sahələrinin formalaşmasına ciddi töhfə verə bilər. Data mərkəzlərinin yaradılması enerji təminatı, kadr hazırlığı və infrastrukturun inkişafını zəruri edir ki, bu da iqtisadiyyat üçün əlavə imkanlar yaradır. Digər ölkələrdə, o cümlədən regionda bu sahəyə milyardlarla dollar investisiya yatırıldığı müşahidə olunur. Oxşar layihələrin Azərbaycanda da reallaşması gözlənilir. Bütün bu proseslər ABŞ-Azərbaycan münasibətlərinin artıq təkcə siyasi deyil, həm də iqtisadi və texnoloji baxımdan strateji tərəfdaşlıq mərhələsinə doğru irəlilədiyini göstərir”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova