Kriminal Özəl

Çay süzmədi deyə, kafeni başına yıxdı — Məhkəmə

Çay süzmədi deyə, kafeni başına yıxdı — Məhkəmə

Sabirabad rayonunda 1987-ci il təvəllüdlü Faiq həmkəndlisi Namilin çayxanasında xuliqanlıq etməkdə ittiham edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin dekabrın 21-də rayonun Həşimxanlı kəndində baş verib.Faiq həmin gün saat 20:30-da sərxoş vəziyyətdə Namilin işlədiyi çayxanaya gəlib və masa arxasında əyləşəndən sonra təkidlə ona çay süzməsini tələb edib. Namil ona çay süzmədiyi üçün mübahisə edib və orada olan şəxslərin gözü qarşısında əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib.

Faiq Namili nalayiq söyüşlərlə söyüb, sonra masanın üzərində olan 1 ədəd çayniki, 3 ədəd stəkanı, 3 ədəd nəlbəkini, 2 ədəd külqabını, soyuducunun üzərindəki 10 ədəd pivə bakalını və çayxanadakı 1 ədəd kauçuk stolu sındırıb. Çayxana sahibinə 309 manat maddi ziyan vurub.

Daha sonra isə başı ilə Namilin sifət nahiyyəsindən zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faiqin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Sabirabad rayon Həşimxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayaraq fərdi əməklə məşğul olur:

“Mənimlə bir kənddə yaşayan Namil mənim atam Həmidin əmisi nəvəsidir. Namil yaşadığımız evin yaxınlığında asfalt yolun kənarında çayxanası var, həmin çayxananı özü işlədir”.

Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 21-də həmkəndlisinin “Ana Kür” şadlıq sarayında toy şənliyi olub: “Mən də həmin toy şənliyində iştirak etdim. Toyda yemək yeyərkən təxminən 500 qram araq içdim. Saat təxminən 20 radələrində toy şənliyindən çıxdım və taksi sürücüsü, həm də həmkəndlim Rahil Babaşovun avtomobili ilə getdim. Kənddə Namilin çayxanasının qarşısında düşdüm. Rahil isə getdi. Sonra isə çayxanaya keçərək əyləşdim və mobil telefonumda oyun oynamağa başladım. Həmin vaxt həmkəndlilərim Elnur və Rusif çayxanada başqa masa arxasında əyləşmişdi. Mən bir qədər mobil telefonda oyun oynayandan sonra qalxaraq Elnur və Rusifin yanında əyləşdim. Sonra isə Namilə mənim stəkanıma çay süzməsini dedim. Namil isə çay süzməyi borclu olmadığını dedi. Ona görə də əsəbləşərək masanın üzərində olan çayniki götürərək Namilə tulladım. Lakin çaynik Namilə dəyməyərək yerə düşdü. Bundan sonra isə qarşımızdakı masanın üzərində olan stəkanları da yerə çırparaq sındırdım. Bundan sonra çayxanada olan həmkəndlilərim məni çayxanadan çölə çıxartdılar. Sonra isə yenidən çayxanaya qayıtdım və Namilə yaxınlaşaraq başım ilə onun burun nahiyəsindən bir dəfə vurdum. Bundan sonra çayxanada olan şəxslər məni çölə çıxartmaq istəyərkən soyuducuya dəydiyim üçün soyuducunun üzərində olan bakallar yerə düşərək qırıldı. Çayxanada olanlar məni yenidən çölə çıxartdı. Mən də oradan çıxaraq evimizə getdim. Çayxanada Namilin əşyalarını sındırdığım üçün ona dəymiş maddi ziyanı da sonradan ona ödəmişəm”.

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Faiq 1000 manat miqdarında cərimə edilib. Bu hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.Dövlət ittihamçısı Sabirabad Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova