Bakının Xətai rayonunda 2001-ci il təvəllüdlü İntiqam müştərisi olduğu gecə klubunda Fərid adlı şəxsə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 21 oktyabr 2024-cü ildə, gecə saat 2 radələrində “Pubar” adlı gecə klubunda baş verib.İntiqam müştəri qismində olan zaman Fərid ilə aralarında istədiyi musiqinin sifarişini gec qəbul edilməsi səbəbindən yaranmış mübahisə zamanı ilk olaraq onu yumruq və sınmış bakalın parçası ilə vurub. Sonra bıçaqla Fəridə bir neçə dəfə zərbə yetirib.
Hadisəni törədən İntiqamın barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmə, zor tətbiqi və əmlaka zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi əvvəllər tanımayıb, heç bir münasibət və düşmənçiliyi olmayıb: “Hadisədən əvvəl tanışlarım Eltun və Kənanla birlikdə “Torqovı” deyilən ərazidə piyada gəzdik. Həmin vaxt İlham və Mirhəsənlə rastlaşdıq. Xətai rayonu Ağ şəhər ərazisində yerləşən “Pubar” adlı gecə klubuna getmək barədə birlikdə qərara gəldik. Buna görə də taksi çağırdıq və birlikdə qeyd olunan kluba getdik. Təxminən gecə saat 1 radələrində artıq kluba daxil olduq və içəri daxil olanda sağ tərəfdə masalardan birində əyləşdik. Bir qədər sonra musiqi sifariş etmək üçün musiqiçiyə yaxınlaşdım, istədiyim bir mahnı ifa edilməsini xahiş etdim. Həmin şəxs sonradan adı mənə məlum olan Fərid adlı musiqiçi sifarişi qəbul etdi, amma istədiyim musiqini ifa etmədi. Mən bir də Fəridin yanına gedərək musiqini sifariş etdim. Lakin sifarişi qəbul olunmadı. Üçüncü dəfə isə Fəridin yanına gedərək niyə sifarişimi qəbul etmədiyini dedim. Bu zaman Fəridin yanında olan şəxs məni itələdiyi üçün onun boğazından tutaraq arxaya doğru itələdim. Həmin vaxt Fərid üstümə hücum çəkərək məni yumruqla vurmağa başladı”. Təqsirləndirilən şəxs qeyd edib ki, Fəridlə aralarında olan mübahisə dava-dalaşa çevrilib və əlbəyaxa olan zaman hər ikisi yerə yıxılıb: “Həmin vaxt masanın üzərində olan pivə bakalı yerə düşərək sındı. Fərid bakalın qırığını götürərək mənim sol bilək nahiyəmdən vurdu və bakalın qırığı sol bilək nahiyəmi kəsdi. Mən artıq Fəridin məni vuraraq xəsarət yetirdiyini gördüm və əsəblərimi cilovlaya bilməyərək üzərimdə olan cib bıçağı ilə onun kürək, daha sonra isə çiyin nahiyəsindən vurdum. Bundan sonra orada olan şəxslər bizi ayırdığı üçün mübahisə yekunlaşdı”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı Fərid onu vuraraq xəsarət yetirdiyinə və fiziki cəhətdən ondan güclü olduğu üçün onun müqavimətini qırmaq məqsədi ilə bıçaqla vuraraq qorxutmaq istəyib: “Mən həmin vaxt sərxoş olmuşam. Fəridi vuraraq xəsarət yetirdiyim bıçağı taksi ilə yaşadığım evə gedən zaman xatırlamadığım yerə atmışam. Sərxoş olduğu üçün hazırda həmin yeri xatırlamamışam. Hadisə zamanı mənimlə onunla birlikdə olmuş Eltun, Kənan, İlham, Mirhəsən Fəridi vurmayıb. Hadisə zamanı onlar yalnız Fəridlə məni ayırmaq istəyiblər. Törətdiyim əməldən peşmanam”.
Zərərçəkmiş Fəridin sözlərinə görə, təqsirləndirilən İntiqamla barışmağının səbəbi onun anası ilə bağlıdır: “İntiqamın anası işləmir və yarımcandır. Onun anasına və babasına görə bağışlamışam. Özüm anasız, atasız böyüdüyüm üçün bu hisslər mənə yad deyil. Təqsirləndirilən şəxsə ən yüngül cəza verilməsini, azadlığa çıxmasını, anasının yanında olmasını istəyirəm”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü İntiqam ona yaxınlaşıb və mahnı sifariş edib: “Çalışdığım restoranda həmişə internet şəbəkəsi zəif işləyirdi. Özümün telefonumda da internet yox idi. Bu səbəbdən sifariş verilən musiqini yükləmək gecikdi. Təxminən 15-20 dəqiqə mahnının yüklənməsi yubandı”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam 5 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi müəyyən edilib. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-cü maddəsindən həmin məcəllənin 130-cu (zəruri müdafiə həddini aşmaqla və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsi istəyib.
Həmçinin təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.Amma Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzası 3 il 6 aya endirilib.
Fariz Məlikli Demokrat.az


