Bakının bəzi qəsəbələri ilə metrostansiyalarını əlaqələndirən marşrutlardan bir neçəsi yeni avtobuslarla əvəzlənib. Sadəcə, buradada diqqət çəkən məqam əvvəllər daha çox sərnişin tutan avtobusların indi həcmcə daha az sərnişinin yerləşdiyi, oturacaqlarının sayı da az olan avtobuslarla dəyişdirilməsidir. Məsələ ilə bağlı redaksiyamıza müraciət edən şəxs bildirib ki, hər gün istifadə etdiyi 108b nömrəli marşrut avtobusu əvvəlkindən iki dəfə kiçik olan nəqliyyat vasitəsi ilə əvəzlənib, bu da sıxlığa səbəb olur.
Demokrat.az bildirir ki, məsələ ilə bağlı AYNA-ya müraciət edilsə də, sualımız cavabsız qalıb. Məsələni şərh edən nəqliyyat eksperti Aslan Əsədov deyib ki, yeni avtobus təyin edilkər yaxınlıqdan keçən ərazilərə baxış keçirilməlidir:
“Həmin ərazilərin bu və ya digər formada infrastruktur təminatı nəzərə alınmalıdır. Xüsusilə nəqliyyat vasitələri üçün əsas meyar hesab edilən və onların xüsusiyyətlərini müəyyən edən məqamlar diqqətə alınmalıdır. Bu məsələlər nəqliyyat vasitələrinin təminatında mövcud problemlərin aradan qaldırılmasına xidmət etməlidir. Yəni, hər hansı bir nəqliyyat vasitəsi dəyişdirilərkən və ya yenilənərkən onun tutumu mütləq şəkildə nəzərə alınmalıdır. Yeni nəqliyyat vasitəsi olmaqla yanaşı, o, eyni zamanda yerli tələbatlara uyğun olmalıdır. Yerli tələbat öz kateqoriyasına uyğun şəkildə qiymətləndirilməlidir. Məsələn, tutumu böyük olan bir nəqliyyat vasitəsini daha az tutumlu nəqliyyat vasitəsi ilə əvəz etmək düzgün deyil. Bu isə özlüyündə bir sıra problemlərə səbəb ola bilər. Belə dəyişikliklər nəqliyyat təminatında axsamalara yol aça, insanların gündəlik hərəkətində çətinliklər yarada bilər”.
O bildirib ki, bu, vətəndaşlar üçün rahatlıq deyil, əksinə əlavə narahatlıq və diskomfort deməkdir:
“Ona görə də tövsiyə olunur ki, xaricdən avtomobillər və ya avtobuslar alınarkən və ölkəyə gətirilərkən bu cür parametrlər və nüanslar mütləq şəkildə nəzərə alınsın ki, gələcəkdə hər hansı problem yaranmasın. Bu və digər formada mövcud problemlərin aradan qaldırılması üçün konkret və məqsədyönlü addımlar atılmalıdır. Yəni, tələbatlara uyğun olan nəqliyyat vasitələri, xüsusilə avtobuslarla yenidən təminatın həyata keçirilməsi vacibdir”.
Leyla Turan Demokrat.az
@transportwaybaku Daha bir marşut xətti yenilənib! 108B // Azadlıq m/st // Azadlıq m/st - Mehdiabad qəsəbəsi #avtobus108b#mehdiabad#azadliq#fyp#kesfet ♬ original sound - EX7STENCE™


