Gündəm Özəl

Epşteyn dosyesində Fətullah Gülən izi

Epşteyn dosyesində Fətullah Gülən izi

ABŞ-da Epşteyn işi ilə bağlı son 48 saatda milyonlarla yeni sənədin açıqlanması diqqətləri gözlənilməz ünvana yönəldib. Söhbət Vaşinqtonda “imkansızı bacaran” vəkil kimi tanınan Reid Weingarten-dən gedir. Açılan arxivlərdə onun adı həm Epşteynin 2008-ci ildə son dərəcə yüngül cəza alması prosesində, həm də sonradan FETÖ lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyasına qarşı qurulan hüquqi müdafiədə eyni taktikanın müəllifi kimi çəkilir.

Demokrat.az-ın məlumatına görə sənədlərdə iddia olunur ki, Weingarten hər iki işdə “beynəlxalq nüfuz”, “siyasi təzyiq” və “motivli ittiham” arqumentlərini ön plana çıxarıb. “Steptoe & Johnson” firması üzərindən qurulan bu strategiya nəticəsində Epşteynin cinayət dosyesi uzun müddət kənar təsirlərdən qorunub, Türkiyənin Gülənlə bağlı təqdim etdiyi minlərlə səhifəlik material isə ABŞ məhkəmələrində siyasi xarakterli kimi qiymətləndirilib. Rəsmi qurumlar bu iddiaları hələ təsdiqləməyib.

Arxivdə Epşteynin əlaqələrinin təkcə Hollivud fiqurları ilə məhdudlaşmadığı, müxtəlif dini və siyasi çevrələrə qədər uzandığı qeyd edilir. İddialardan biri də 15 iyul çevriliş cəhdindən sonra Gülənin özünü müdafiə məqsədilə qələmə aldığı məqalənin Weingarten vasitəsilə Epşteyn çevrəsinə və ABŞ-dakı təsirli lobbiçilərə ötürülməsi ilə bağlıdır. Bu məlumatlar sənədlərdə yer alsa da, tərəflərdən rəsmi təsdiq yoxdur.

Araşdırma materiallarında Epşteynin cinayət şəbəkəsinin ört-basdırında istifadə olunan hüquqi üsullarla, Gülənə bağlı strukturların ABŞ-də “humanitar fəaliyyət” adı altında təqdim olunması arasında oxşarlıqlar vurğulanır. Eyni lobbi qrupları və hüquqi boşluqlardan istifadənin mümkünlüyü araşdırmanın əsas mövzularındandır.

Hüquq dairələrində Weingarten kimi bahalı vəkillərin xidmət haqqının minlərlə dollarla ölçüldüyü xatırladılır. Epşteyn və Gülənin eyni vaxt kəsiyində bu səviyyədə müdafiə qurması maliyyə mənbələrinin mümkün kəsişməsi sualını gündəmə gətirir. Yeni sənədlərdə ödənişlərin eyni fondlar və əlaqəli şəxslər üzərindən həyata keçirilib-keçirilmədiyi ayrıca araşdırılır.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova