Cəmiyyət Özəl

Türkiyədəki həmin qadağa bizdə də tətbiq olunacaq, amma... — AÇIQLAMA

Türkiyədəki həmin qadağa bizdə də tətbiq olunacaq, amma... — AÇIQLAMA

Türkiyədə ictimai iaşə sektorunda istehlakçıların xeyrinə mühüm dəyişiklik edilib. Restoran, kafe və digər iaşə obyektlərində müştərilərdən əlavə servis haqqının alınması rəsmi olaraq qadağan olunub və Türkiyənin Ticarət Nazirliyi tərəfindən hazırlanmış müvafiq qanun artıq qüvvəyə minib. Bu qərar region ölkələrində, xüsusilə də Azərbaycanda oxşar addımın atılıb-atılmayacağı ilə bağlı müzakirələri gündəmə gətirib və yerli qanunvericilikdə servis haqqının tənzimlənməsi məsələsini yenidən aktual edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, Türkiyədə restoran və ictimai iaşə obyektlərində servis haqqı və digər əlavə ödənişlərin ləğv edilməsi çox əhəmiyyətli addımdır:

“Bu barədə Türkiyədəki həmkarlarımız bizə son günlərdə məlumat veriblər və qərarın istehlakçı hüquqlarının qorunması baxımından ciddi önəm daşıdığını vurğulayıblar. Məsələ ondadır ki, əgər müştəri xüsusi bir otaqdan istifadə edirsə və həmin otaqda multimedia avadanlıqları, əlavə xidmətlər və ya başqa imkanlar təqdim olunursa, bu xidmətlərin ödənişi açıq şəkildə menyuda göstərilməlidir. Yəni həmin otağın istifadəsi ilə bağlı bütün şərtlər və qiymətlər əvvəlcədən menyuda qeyd olunmalı, qida və xidmətlərin ümumi dəyərinə daxil edilməlidir. Türkiyədə məhz menyuda göstərilməyən heç bir əlavə haqqın tələb olunmasının qadağan edilməsi çox müsbət və təqdirəlayiq yanaşmadır”.

O əlavə edib ki, Azərbaycanda isə vəziyyət fərqlidir:

“Bu cür hallar sürətlə yayılmaqdadır və bir çox hallarda biznes subyektləri üçün yaradılmış toxunulmazlıq mühitindən sui-istifadə olunur. Nəticədə istehlakçı hüquqlarının pozulması getdikcə adi bir hal, hətta normala çevrilir. Halbuki hər hansı qanun və ya hüquq pozuntusunun qarşısı vaxtında alınmaz, cəzası olmazsa, zamanla cəmiyyət tərəfindən qəbul edilən davranış formasına çevrilir. Türkiyədə qəbul edilən bu qərar olduqca müsbət və vacib addımdır. Lakin təəssüf ki, yaxın bir il ərzində Azərbaycanda oxşar qərarın qəbul ediləcəyinə inanmaq çətindir. Çünki ölkədə istehlakçı hüquqlarının qorunması siyasəti hazırda çox zəif vəziyyətdədir və aşağı səviyyədədir. Məhz bu səbəbdən belə bir dəyişikliyin qısa müddətdə baş verəcəyi real görünmür. Mövcud vəziyyət isə Azərbaycanda turizmin inkişafına ciddi zərbə vurur”.

Türkiyədə qəbul edilən bu qərar o deməkdir ki, vətəndaş restorana daxil olarkən masada gördüyü menyu qiymətlərindən kənar "gözlənilməz" məbləğlə qarşılaşmayacaq. Yəni hesab gələndə orada "servis haqqı" adı altında əlavə 10-15% ödəniş görmək tarixə qovuşur. Bu, istehlakçının öz büdcəsini dəqiq planlaşdırmasına kömək edir və xidmət sektorunda şəffaflığı təmin edərək müştəri məmnuniyyətini artırır.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova