Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev komitənin iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib ki, qanunvericilikdə valideyn öhdəliklərində ana dilinin, Azərbaycan dilinin öyrədilməsinin vacibliyi mütləq şərt olaraq öz əksini tapmalıdır.
O qeyd edib ki, bəzi valideynlər uşaqları xarici dillərdə danışan dayələrə əmanət edirlər. Nəticədə, uşaq ən yaxşı halda böyüdükdə Azərbaycan dilini öyrənməyə başlayır. “Azərbaycan dilini bilməməyin hansı problemlərə səbəb olacağını, məncə, hamı bilir. Uşaqların formalaşmasında və tərbiyəsində vacib rol oynayan, dayə kimi çalışan şəxslərin Azərbaycan dilini bilməsi önəmlidir”.
Bu barədə sosioloq Sevinc Qasımova Demokrat.az-a açıqlama verib. O bu fikrin düzgün olmadığını deyib:
“Cəmiyyət sürətlə dəyişir və bu dəyişikliklər uşaqların həyatına da təsir edir. Bu gün dünya qloballaşıb və dillərarası ünsiyyət adi hala çevrilib. Valideynlərin xarici dil bilən dayə seçməsi problem deyil. Bu, uşağın gələcəyini düşünərək verilən qərardır. Erkən yaşda dil eşitmək uşağın düşünmə qabiliyyətini inkişaf etdirir. Bu, uşağın öz ana dilini unutması demək deyil”.
O bildirib ki, problemi yalnız dil üzərindən qiymətləndirmək yanlışdır:
“Əsas məsələ uşağın necə tərbiyə almasıdır. Onun psixoloji durumu və emosional təhlükəsizliyi daha vacibdir. Bu gün uşaqlar texnologiya ilə böyüyür. Sabah isə onlara robotlar və süni intellekt sistemləri baxacaq. Buna görə də dil sonradan da öyrədilə bilər. Amma düzgün tərbiyə və sağlam münasibət sonradan bərpa olunmur. Cəmiyyət real problemlərə fokuslanmalıdır”.
Leyla Turan Demokrat.az


