Özbəkistandan ölkəmizə idxal edilən bir tondan çox qurudulmuş yemiş və halva partiyasında ciddi qida təhlükəsizliyi riskləri müəyyən olunub.
Bu barədə Demokrat.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, fiziki şəxs Rzayeva Səbinə Mansur qızının Özbəkistandan idxal etdiyi "İmronxon Umarxon Biznes" şirkətinin istehsalı olan 1008 kq qurudulmuş yemiş və "İspanza Oq Kishmish Uzumlari" şirkətinin istehsalı olan 288 kq halva məhsulundan AQTA müfəttişlərinin götürdüyü nümunələrin müayinəsi nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
Məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında məhsul partiyaları məhv edilib.
Bu, dövlət nəzarət mexanizminin işləməsi sayəsində süfrələrimizə zərərli mikroorqanizmlərlə zəngin "zəhərli" şirniyyatların çatmaması deməkdir. Vətəndaşlar mağazalardan bu növ idxal məhsullarını alarkən Agentliyin nəzarəti sayəsində daha təhlükəsiz seçim etmiş olurlar, çünki laborator müayinədən keçməyən və ya mənfi nəticə verən məhsullar dərhal zərərsizləşdirilir.
Demorkat.az


